“Araz Naxçıvan”ın “Kəpəz”ə məğlubiyyət köhnə sualları yenidən gündəmə gətirdi:
Klub hansı məqsədlə fəaliyyət göstərir?
Real ambisiyaları nədən ibarətdir və niyə əsas problemlər məşqçi dəyişikliyindən sonra da həllini tapmır?
Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan” doğma meydan hesab edilən Şamaxı şəhər stadionunda “Kəpəz”ə 0:2 hesabı ilə məğlub oldu.
Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komanda üçün bu qarşılaşma təkcə üç xal itkisi deyildi. Bu nəticə mövsümün əvvəlindən davam edən problemlərin hələ də aradan qaldırılmadığını göstərdi.
Maraqlıdır ki, baş məşqçi Yuri Maksimov da məğlubiyyətin səbəbləri arasında fərdi səhvləri və hesabda geriyə düşdükdən sonra yaranan tələskənliyi göstərdi.
Lakin məsələni yalnız futbolçuların səhvləri ilə məhdudlaşdırmaq nə qədər doğrudur? Axı söhbət bir oyundan deyil, ardıcıl nəticəsizlikdən və dəyişməyən mənzərədən gedir.
Problem Cəmil Hüseynovda idimi?
“Araz-Naxçıvan” mövsümə uğursuz başlayandan sonra məşqçi dəyişikliyinə getdi. Cəmil Hüseynovla bağlı müzakirələr və texniki heyətdə baş verən dəyişikliklər diqqəti komandanın nəticələrinə yönəltdi.
Ancaq burada əsas sual budur: klubdakı problemlərin kökünü yalnız məşqçi amilində axtarmaq nə dərəcədə əsaslıdır?
Əgər komandanın nəticələri dəyişmirsə, oyun zamanı eyni xarakterli səhvlər təkrarlanırsa və kollektiv hesabda geriyə düşəndən sonra oyun planını qorumaqda çətinlik çəkirsə, deməli, araşdırılmalı olan məsələlər daha genişdir.
SPORTİNFO.AZ
