Birinci Liqanın 5-ci turu gözlənilməz nəticə ilə başladı.
Çempionluğa əsas namizədlərdən olan və turnir cədvəlinə başçılıq edən “Şahdağ-Qusar” sürpriz şəkildə “Xankəndi”yə məğlub oldu – 0:1.
“Səbail”in isə Zaqatala səfərindən 3 xalla qayıtması (3:1) liderlər qrupundakı mübarizəni daha da qızışdırdı.
Bu gün turun mərkəzi qarşılaşması keçiriləcək. İki bölgə təmsilçisi – “Gəncəbasar”la “Karvan-Yevlax” Yevlax şəhər stadionunda üz-üzə gələcək.
4 turdan sonra maksimum nəticə göstərən “Gəncəbasar” 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Çempionluğa iddialı “Karvan-Yevlax” isə 7 xal toplamaqla gözləniləndən fərqli mənzərə ortaya qoyub. Bu baxımdan bugünkü qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.
Bu oyuna “Gənclərlə təcrübəlilərin savaşı” adı daha çox yaraşır.
Yevlax təmsilçisinin heyətində Orxan Sadıqlı, Sadiq Quliyev, İlkin Muradov, Samir Abdullayev, Turan Vəlizadə, Elçin Mustafayev, İbrahim Əliyev, Peter Kinqs kimi elitada təcrübəsi toplamış futbolçular yer alır. Komandanın “sükanı” arxasında isə məşqçilik karyerasında 20 ilə yaxın təcrübəsi olan Ramiz Məmmədov dayanır.
Bu baxımdan “Gəncəbasar”da mənzərə fərqlidir. Heyətdəkilərin böyük əksəriyyəti 2003-2006-cı illərdə anadan olmuş gənc futbolçulardır. Aralarında elitada müəyyən təcrübə toplamış oyunçular olsa da, kollektivin əsas üstünlüyü gənclik enerjisi və dinamizmi ilə bağlıdır. Elə komandanın baş məşqçisi 34 yaşlı Elhad Nəzirinin özü də məşqçilik bacarığını sübut etməyə çalışır, bir növ seçdiyi peşədə gələcəyini qurur.
Bu gün Yevlaxda təcrübə ilə gəncliyin qarşıdurmasına şahidlik edəcəyik. Bir tərəfdə illərin sınağından çıxmış futbolçular, digər tərəfdə isə sürətinə, enerjisinə və mübarizə əzminə güvənən gənclər olacaq. “Karvan-Yevlax” fərdi ustalıq və təcrübə hesabına, eləcə də, meydan amilinə görə üstünlük qazanmağa çalışacaqsa, “Gəncəbasar”ın əsas silahları dinamika və psixoloji baxımdan rahatlıq ola bilər.
Qarşılaşmanın yekun nəticəsi turnir cədvəlinə ciddi təsir göstərəcək. Yevlaxlıların qələbəsi liderlər qrupundakı fərqi azaldaraq çempionluq mübarizəsini daha da gərginləşdirə bilər. “Gəncəbasar”ın 3 xal liderin ad dəyişikliyinə səbəb olacaq, “Şahdağ-Qusar” “taxt”dan düşəcək.
Mövsüm yenə başlasa da, bu qarşılaşma çempionluq mübarizəsinin mənzərəsinə aydınlıq gətirmək baxımından əlamətdar ola bilər.
Oktyabrın 16-da Yevlax şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
HƏBİB
