Bir məşqçinin dəyişdirilməsi sistemli problemlərin həlli demək deyil.
Komandanın idarəetmə modeli, mövsümə hazırlıq prosesi, heyətin formalaşdırılması, məşqçilər korpusuna verilən imkanlar və klubun uzunmüddətli strategiyası da qiymətləndirilməlidir.
Məşqçinin məsuliyyəti var. Futbolçuların məsuliyyəti də var.
Lakin klubun nəticələrinə görə məsuliyyət yalnız texniki heyətin üzərinə qoyulursa, idarəetmə səviyyəsində verilən qərarlar da eyni dərəcədə ciddi suallarla üzləşməlidir.
Buna görə də «Araz-Naxçıvan»ın mövsümə biabırçı start verməsinin bütün səbəblərini Cəvid Hüseynovun üzərində cəmləşdirmək düzgün yanaşma deyil.
Yuri Maksimov kimi təcrübəli mütəxəssisin gəlişi komandada yeni mərhələnin başlanacağına dair gözləntilər yaratdı.Lakin “Kəpəz”lə 0:2 hesablı məğlubiyyətlə bitən matç göstərdi ki, ukraynalı dəyişikliyi özlüyündə nəticəyə zəmanət vermir.
“Araz-Naxçıvan” müəyyən mərhələlərdə topa nəzarət etməyə və hücum təşəbbüsünü ələ almağa çalışsa da, bu üstünlüyü hesabda əks etdirə bilmədi.
Digər tərəfdən, rəqib daha çox əks-hücum imkanlarından yararlanmağa çalışdı və qol fürsətlərini daha səmərəli dəyərləndirdi.
Bu məqam vacib bir nəticə ortaya qoyur: topa sahib olmaq hələ oyuna tam nəzarət etmək demək deyil. Nəzarət hücumların keyfiyyəti, müdafiə keçidləri, rəqibin əks-hücumlarının qarşısının alınması və yaradılan fürsətlərin reallaşdırılması ilə ölçülür.
Maksimovun gəlişindən sonra da fərdi səhvlər və oyun intizamının pozulması ön plana çıxırsa, komandanın yalnız taktiki tapşırıqlarına deyil, həmin tapşırıqların meydanda necə yerinə yetirilməsinə də diqqət yetirilməlidir.
Eyni zamanda, yeni məşqçiyə işləmək üçün hansı şəraitin yaradıldığı və onun qarşısına hansı real hədəflərin qoyulduğu da aydın olmalıdır.
SPORTİNFO.AZ
