"Sumqayıt" mövsümdə ilk qələbəsini "Qəbələ" üzərində qazandı - 4:1.
3 xalın darmadağınla əldə olunduğu qarşılaşmadan sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Roi Kehat Sportinfo.az-a açıqlama verib:
"Düşünürəm ki, mövsümün əvvəlindən bəri hər oyun bir-birindən fərqli olub. İlk oyunlarda bizdən güclü olan rəqiblərlə qarşılaşdıq, amma son 3 matçda daha yaxşı oynadığımızı düşünürəm.
Məsələn, "Kəpəz"lə matçda bizə 3 xal qazandıracaq ikinci qolu vurmalıydıq. Bu son oyunda isə daha çox qol vurmağı bacardıq ki, bu da bizə inam və oyunda rahatlıq verdi.
Eyni zamanda, qapımızı toxunulmaz saxlamağı da öyrənməliyik, çünki qol buraxmamaq bizə çox xallar qazandıracaq".
Əcnəbi futbolçu bu mövsüm ilk dəfə meydana ayaq basdı. Səbəb onun üzün müddətdi zədədən əziyyət çəkməsidir. Kehat çətin günlərdən keçdiyini sözlərinə əlavə edib:
"Zədə dövrü idmançılar üçün ən çətin mərhələdir, lakin mən düşüncə tərzimi necə qoruyub saxlamağı və reabilitasiya prosesində çox işləməyi bildim.
Komandamızın tibb və fiziki hazırlıq heyətindən inanılmaz dəstək aldım, həmçinin klub rəhbərliyi də ehtiyac duyduğum hər şeydə kömək etdi.
Yenidən yaşıl meydanlara qayıtdığıma və komandamıza kömək etmək üçün hər dəqiqə əlimdən gələni etdiyimə görə çox şadam."
Orta sahə oyunçusu sonda "Sumqayıt"ın potensialını da qiymətləndirib:
"Düşünürəm ki, nə üçün mübarizə aparacağımızı demək hələ tezdir. Çempionatın son aylarına yaxınlaşanda bunu deyə bilərik".
XANOĞLAN
