«Səbail»in legionerləri futbolumuz üçün xarakterik olmayan qeyri-adi təkliflə çıxış elib. Qubaya köçməyə hazırlaşan klubun əcnəbi oyunçuları rəhbərliklə görüşərək, öz niyyətləri barədə onları məlumatlandırıb. Xaricilər bildirib ki, əgər komanda bu ay ərzində uduzsa və ya heç-heçə eləsə, oktyabrın əməkhaqqısını almayacaqlar: «Bizə burada hər cür şərait yaradılıb. Bütün istəklərimiz yüksək səviyyədə yerinə yetirilir. Bizim də borcumuz gördüyümüz yaxşı münasibətin qarşılığını verməkdir. Belə şəraiti olan komanda hər oyunda qələbə qazanmalıdır. Çünki «Səbail»i Premyer Liqaya çıxarmaq üçün Azərbaycana dəvət olunmuşuq. İlk turlarda 4 xal itirmişik, bundan sonra mütləq qalib gəlməliyik. Əgər oktyabrda xal itirsək və uduzsaq, biz sizdən bu ayın maaşını istəməyəcəyik».
«Səbail» I Liqanın ilk 5 turu ərzində 11 xal toplayıb. Sabiq «dənizçilər» bu göstərici ilə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ
