Premyer Liqada gərginlik hər keçən həftə bir qədər də artır.
Yeddinci turda bunun bir neçə əlamətini sezdik.
«Kəpəz» səfərdə «Araz-Naxçıvan»ı 2:0 hesabı ilə məğlub etdi. Hesabat həftəsinin mərkəzi qarşılaşması isə «Neftçi» ilə «Sabah» arasında keçirildi.
Gözlənilən rəqabətə baxmayaraq, komandalar qolsuz heç-heçə ilə kifayətləndilər, 0:0. Bu nəticə «Neftçi»nin liderliyini qorumasına imkan versə də, «Sabah»ın məğlubiyyətsiz seriyası davam etdi.
«Sabah» ilk altı turda 14 qol vurub, cəmi bir qol buraxaraq müdafiə etibarlılığı baxımından çempionatın ən yaxşı göstəricilərindən birinə sahibdir.
«Zirə» və «Şamaxı» 1:1 hesabı ilə heç-heçə etdilər. Əvvəlcə Abdullahi Şuaybu 53-cü dəqiqədə «Şamaxı»nı önə keçirdi, 68-ci dəqiqədə isə Ange Mutsinzi tarazlığı bərpa etdi.
«Sumqayıt» «Qəbələ»ni 4:1 hesabı ilə darmadağına məruz qoydu. Mamadu Banqre 6-cı, İsa Suliman 9-cu, Ronaldo Vaskes 29-cu və Blek 67-ci dəqiqələrdə fərqləndilər.
«Qəbələ»nin yeganə qolunu isə Şahin Şahniyarov 25-ci dəqiqədə vurdu. Bu qələbə «Sumqayıt» üçün mövsümdə ilk üç xal oldu. Qarşılaşma həm də «Qəbələ»nin yeni baş məşqçisi Yeton Bekirinin debütü ilə yadda qaldı.
«Qarabağ» isə səfərdə «İmişli»ni 2:0 hesabı ilə məğlubiyyətə uğratdı. Aleksey Kaşuk 59-cu dəqiqədə hesabı açdı, Jali Muaddib 88-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirdi.
Əldə olunan 3 xal Ağdam klubunun xallarını 16-ya çatdırdı və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşdılar. «Qarabağ»ın 1 oyununun ehtiyatı olması qarşıdakı turlarda liderliyə yüksəlmək imkanını saxlayır.
«Şəfa» və «Turan Tovuz» arasında keçirilən görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazandı. Dioqo Balau ilk hissəyə əlavə olunmuş dəqiqələrdə vurduğu qolla komandasına üç xal qazandırdı.
Beləliklə, «Turan Tovuz» 14 xalla dördüncü pillədə möhkəmləndi və liderlər qrupuna yaxınlığını qorudu.
Turun statistik mənzərəsində diqqət çəkən əsas məqamlardan biri «Neftçi»nin hücum məhsuldarlığıdır. Bakı klubu yeddi oyunda 18 qol vurub, beş qol buraxıb və +13 top fərqi ilə liderdir.
«Sabah» altı oyunda 14 qol vurub, cəmi bir qol buraxıb. «Qarabağ»ın isə altı oyundan sonra 11 vurulmuş və dörd buraxılmış qolu var.
Bu göstəricilər üç komandanın fərqli üstünlüklərini göstərir: «Neftçi» hücumda, «Sabah» müdafiədə, «Qarabağ» isə nəticələrin sabitliyində diqqət çəkir.
Bombardirlər yarışında «Neftçi»nin braziliyalı vingeri Breno Almeyda 7 qolla birinci yerdədir. «Sabah»ın hücumçusu Coy-Lens Mikels 4 qolla ikinci, «Araz-Naxçıvan»ın futbolçusu Ağadadaş Salyanski isə 3 qolla üçüncü pillədə qərarlaşıb.
Assistentlər siyahısında Jali Muaddib, Renaldo Sephas və Du Keyroz hərəyə iki məhsuldar ötürmə ilə ön sıralardadır. Qapıçılar arasında Stas Pokatilov, Rocerio Paulo Veyqa duş Santos və Emil Balayev üç quru oyunla fərqlənirlər. 
Turnir cədvəlinin aşağı hissəsində isə vəziyyət daha gərgindir. «Araz-Naxçıvan» yeddi oyunda cəmi iki xal toplayıb, «Şəfa» üç, «İmişli» və «Qəbələ» isə dörd xala malikdir.
«Sumqayıt»ın ilk qələbəsi aşağı pillələrdə mübarizəni daha da maraqlı edir. Mövsümün bu mərhələsində cəmi bir uğurlu nəticə belə komandanın turnir vəziyyətinə ciddi təsir göstərə bilər.
SPORTİNFO.AZ
