"Neftçi" 1 qara qəpik istəmir - O, bu klublarla danışıqlar aparır

16:00 Neftçi 167
"Neftçi" 1 qara qəpik istəmir - O, bu klublarla danışıqlar aparır

Benin millisinin kapitanı Sessi Dalmeyda qışda "Neftçi"dən ayrıla bilər.

Yuri Vernidub 30 yaşlı yarımmüdafiəçini daha sərəncamında görmək istəmir.

Afrikalı klub rəsmilərinin vasitəsilə baş məşqçinin rəyini öyrənib. Mövsümün əvvəlindən bəri kifayət qədər forma şansı qazanmayan dayaq yarımmüdafiəçisinin özü də bu vəziyyətdən narazıdır.

Orta sahə oyunçusu iki həftədən artıqdır müxtəlif klublarla təmas halındadır. Onların sırasına Kipr, Yunanıstan, Polşa və Rusiya təmsilçiləri daxildir.

Dalmeyda 2025-ci ildən "Neftçi"nin formasını geyinir. Cari mövsümdə Misli Premyer Liqasında cəmi 1 oyunda meydana çıxıb və 78 dəqiqə forma geyinib.

“Neftçi”yə 2025-ci ilin iyununda “Apollon”dan keçən beninlinin mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bakılılar real təklif gələcəyi təqdirdə, oyunçusu ilə vidalaşmağa razıdır. Bir qara qəpik təzminat istəmədən.

Tam adı Sessi Oktave Emile Dalmeyda olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyniadlı komandasında atıb.

"Bordo"nun əsas heyətində 3 matça çıxan Dalmeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra "Barnsli", "Blekpul", "Yeovil" (hamısı İngiltərə), "Valensienn" (Fransa), "Tondela" (Portuqaliya), "Pau FC" (Fransa) kimi komandalarda çıxış edib.

Həm Fransa, həm də Benin pasportuna malik olan legioner 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 40 matçda 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti