Çempionlar Liqasının liqa mərhələsində “Slaviya”nı 2:0 hesabı ilə məğlub edən “Sabah” bu dəfə Premyer Liqasında meydana çıxacaq.
“Tələbələr”in 8-ci turdakı rəqibi “Qəbələ” olacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv bu dəfə doğma meydanda deyil, bölgədə mübarizə apacaq.
Razılaşaq ki, “Sabah”ın Qəbələ səfəri kifayət qədər təhlükəli görünür. Söhbət rəqibin gücündən daha çox, təqvim sıxlığının yarada biləcəyi problemlərdən gedir.
Belə ki, “Sabah” “Slaviya” ilə gərgin və ağır oyundan cəmi dörd gün sonra Qəbələdə meydana çıxacaq.
Aradakı üç günlük müddət futbolçuların fiziki baxımdan bərpası, psixoloji cəhətdən növbəti qarşılaşmaya köklənməsi üçün o qədər də geniş zaman deyil.
Üstəlik, “Qəbələ” ilə matçdan cəmi üç gün sonra Azərbaycan çempionunu Çempionlar Liqasında daha bir ciddi sınaq gözləyir. Rəqib isə Almaniya nəhəngi “Borussiya Dortmund”udur.
Bu o deməkdir ki, “Sabah” səkkiz gün ərzində üç oyun keçirmək məcburiyyətindədir. Bu müddətdə komanda həm Avropanın nüfuzlu klub turnirində mübarizə aparmalı, həm də ölkə çempionatında səfər oyununa çıxmalıdır. Qəbələyə gedib-qayıtmaq isə əlavə vaxt və enerji itkisi deməkdir. Üstəlik, paytaxtla müqayisədə nisbətən ağır hava şəraiti.
Belə bir qrafikdə fiziki yorğunluqla yanaşı, psixoloji amil də var.
Çempionlar Liqasında “Borussiya Dortmund”la qarşılaşmanın əhəmiyyəti futbolçuların fikirlərinin müəyyən qədər növbəti avrokubok matçına yönəlməsinə səbəb ola bilər. Razılaşaq ki, “Qəbələ” ilə “Borussiya” matçlarının statusu eyni deyil. Bu isə “Qəbələ” ilə oyunda xal itkisi riskini artıran amillərdəndir.
Şübhəsiz, “Sabah”ın heyətinin geniş olması litvalı mütəxəssisə müəyyən manevr imkanları yaradır. Dambrauskas rotasiyalara əl ataraq aparıcı futbolçularına istirahət verə, indiyədək az oyun şansı qazanan futbolçuları meydana buraxa bilər. “Slaviya Praqa” ilə matçda əsas heyətdə yer alanların hamısının skamyada əyləşəcəyi indidən məlumdur. Çünki oktyabrın 20-də Almaniya nəhənglərindən biri ilə vacib qarşılaşma var.
Belə məqamda ortaya başqa bir sual ortaya çıxır. Eksperimental heyət səfərdə, özü də avrokubok matçından sonra “Qəbələ” kimi rəqibə qarşı nə dərəcədə uğurlu çıxış edə biləcək?
Əlbəttə, heyəti görmədən nəsə demək çətindir. İstənilən halda sıx təqvim, səfər amili və qarşıdakı avrokubok sınağı “Sabah” üçün müəyyən risklər yaradır.
Görünən odur ki, “Qəbələ” ilə qarşılaşma “Sabah” üçün sadəcə növbəti çempionat oyunu olmayacaq. Bu, həm də “Sabah”ın heyət dərinliyini, baş məşqçinin rotasiya imkanlarını və komandasının sıx qrafikdə nə dərəcədə dayanıqlı olduğunu göstərəcək.
Hər bir halda Qəbələdəki qarşılaşma “tələbələr” üçün ciddi təhlükə sayılmalıdır. Rəqib hər nə qədər elitada qalmaq uğrunda mübarizə aparan kollektiv olsa da.
Oktyabrın 17-də Qəbələ şəhər stadionunda keçiriləcək duelin start fiti saat 16:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ
