Premyer Liqada mənzərə müəyyənləşir - Üç komanda təhlükə altındadır

14:00 Premyerliqa 133
Premyer Liqada mənzərə müəyyənləşir - Üç komanda təhlükə altındadır

Premyer Liqada turlar irəlilədikcə ümumi mənzərə də tədricən aydınlaşır.

Artıq turnir cədvəlinə nəzər salmaqla mövsümün sonuna doğru komandaları nələrin gözlədiyini müəyyən mənada proqnozlaşdırmaq mümkündür.

Çempionluq mübarizəsinin “Qarabağ”, “Sabah” və “Neftçi” arasında gedəcəyi şübhə doğurmur. Böyük ehtimalla, bu üç komanda son turlara qədər qızıl medallar uğrunda mübarizədən qopmayacaq.

“Turan Tovuz”la “Zirə”ni də müəyyən mənada iddialılar sırasında göstərmək olar. Ancaq bu komandaların sona qədər çempionluq yarışında qalacağına inanmaq çətindir.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, bu iki komanda büdrəyərək əsas rəqiblərindən geri düşəcəklər.

“Kəpəz” və “Sumqayıt” isə ilk 7 turda göstərdikləri nəticələrlə ortabablar sırasında yer almağa iddialı olduqlarını ortaya qoyublar.

Həm nümayiş etdirdikləri futbol, həm də qazandıqları xallar bu komandaların hazırda Premyer Liqada qalmaq uğrunda mübarizədən daha çox turnir cədvəlinin orta pillələrində qərarlaşmağa kökləndiklərini göstərir.

Odur ki, diqqətimizi qalan beş komandaya yönəldə bilərik - “Sumqayıt”, “İmişli”, “Şəfa”, “Qəbələ” və “Araz-Naxçıvan”. Düzdür, heyət potensialını, görülən işləri və meydanda nümayiş etdirilən futbolu nəzərə alsaq, “Sumqayıt”ı da bu siyahıdan çıxarmaq mümkündür.

Yuri Maksimovun gəlişindən sonra “Araz-Naxçıvan”ın üzünə günəş doğacağını ehtimal edə bilərik. Hər halda heyətdəki futbolçuların adı və keyfiyyəti çətin günlərin tezliklə arxada qalacağından xəbər verir.

Premyer Liqada qalmaq uğrunda əsas mübarizə “Şəfa”, “Qəbələ” və “İmişli” arasında gedəcək.

Hazırkı mənzərə bu üç komandanın elitada qalmaq uğrunda mübarizənin əsas iştirakçıları olacağını düşünməyə əsas verir.

Əlbəttə, mövsüm uzundur və qarşıdakı zaman kəsiyində çox şey dəyişə bilər.

Ancaq komandaların indiki durumu, nümayiş etdirdikləri futbol və qazandıqları nəticələr başqa qənaətə gəlmək üçün ciddi əsas yaratmır.

Bir sözlə, Premyer Liqanın ilk 7 turundan sonra 12 komandanın perspektivinə nəzər salanda çempionluq uğrunda üçlük və elitada qalmaq uğrunda mübarizənin əsas iştirakçısı olacaq üç komanda indidən seçilməyə başlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti