Bəzən xırda bir problemin yaranması yetərlidir ki, komanda daxilən sarsılsın və uzun müddət özünə gəlməsin.
«Şəfa» qaynar qazan kimi qaynayır bu aralar. Hər şey nəzarətdən çıxıb, idarəçilik kortəbiidir. Dubaydan pul gəlmir nə vaxtdır, borclar üst-üstə yığılıb. Borc yiyələri hər gün zəng vurur, qapını döyür. Bunu futbolçu axı görür, eşidir. O, əvvəlki otelə buraxılmadıqlarının şahidi olursa, gecəni harada keçirəcəklərini son anda öyrənirsə, onun ruhən necə çökməsini bir anlıq təsəvvür edin.
Neçə müddətdir ki, sular durulmur burada. Bu gərginliyin, xaosun, qeyri-müəyyənliyin içində baş çıxarmağın, nəfəs almağın özü belə, ərənlikdir. Halı, durumu bu vəziyyətə gətirib çıxaranların nə haqqı var ki, Zaur Həşimovdan nəticə tələb eləsin? AFFA-nın ayırdığı aylıq ianə hesabına formalaşdırılan komandanın üzündən dərd yağır, hələ onu abıra salsınlar bir, sonra «nəticə hanı?» davası döyərlər.
«Şəfa» maksimum 1,4-1,5 milyon manata yığılmış komandadır, illik büdcəsi ondan o tərəfə keçməz. Kiminlə desələr, mərc edərəm. Zaur Həşimova normal vəsait ayırsaydılar, Murad Musayevin qoluna kaptan sarğısını bağlayar, onu heç «18-liy»ə daxil eləməzdi. Pul yoxdur, məcburdur Muradı ilk dəqiqələrdən meydana buraxmağa. Lideri Murad Musayev olan «Şəfa»nın 2:0 öndə olduğu matçda «Şamaxı»dan 3 qol buraxması normal hadisədir, rəsmilərin biri də gözünü bərəltməsin.
ELNUR
