Quyunun dibindəki "Qəbələ"ni uğura aparan şəxsin özəlliyi

16 May 2022 21:20 Qəbələ 755
Quyunun dibindəki "Qəbələ"ni uğura aparan şəxsin özəlliyi

Mövsümün əvvəli kim desəydi ki, "Qəbələ" avrokuboklara gedəcək" həmin adama hamı gülərdi.

Amma bu gün həmin "Qəbələ" artıq avrokuboklardadır. Halbuki yeni mövsüm üçün digər klublarımız hazırlığı başlayanda bölgə klubunda sükut davam edirdi.

Nə məşqçi, nə futbolçular, nə də rəhbərlik sabah da yox, bu gün nə olacağını bilmirdilər. Nəhayət AFFA-dan gələn dəstəklə komanda təyin olunan vaxtdan 5 gün gec olsa da bir araya gələ bildi.

Araya gələnlərin arasında isə samballı adlar çox az idi. Qısa müddətdə klub əla seleksiya işi apararaq az sayda da olsa heyətə yeni futbolçular dəvət olundu. Amma kasadlıq öz yerində qalmaqdaydı.

Xırdalıqlara getsək daha çox nöqsanlardan sizləri hali edə bilərik. Məncə, bu da yetərlidir. Ki, "Qəbələ"nin mövsümün əvvəli hansı acınacaqlı durumda olduğunu hiss etmiş olasan.

Amma gənc mütəxəssi, məşqçiliyə yeni-yeni qədəmlərini atan Baxşıyev çox təmkinli idi. Zaman-zaman problemləri dilə gətirirdi, amma ən çox və hər dəfə mətbuat konfranslarında, açıqlamalarında işlətdiyi bir cümlə vardı - "Mən uşaqlara inanıram, onların potensialı daha böyükdür" deyirdi.

Bir məşqçidə ən böyük üstünlük onun komandasına, özünə əminliyinin olmasıdır. Uğuru gətirən ən başlıca özəllik budur. Baxşıyevdə bu özəllik mövsümü boyu özünü ən üst səviyyədə göstərdi.

Bu da nəticə - məhdud büdcə, kasad heyət, ciddi zədələr və itkilərə rəğmən komanda yayda Konfrans Liqasında mübarizə aparacaq. Bu uğurda bütün rəhbərliyin, işçi heyətinin, futbolçuların zəhməti var.

Amma Baxşıyevdəki o inam özəlliyinin ən başda gəldiyini deməmək ədalətdən olmazdı. Əbəs deyil ki, Şamaxıdakı son matçdan həmən sonra yetirmələri onu əllərində göyə qaldırdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti