“Neftçi”də Bassala Samba ilə bağlı qəribə vəziyyət yaranıb.
Futbolçunun baş məşqçi Yuri Vernidubun planlarına daxil olmadığı, artıq onun icarəyə verilməsi və ya komandadan ayrılması ciddi müzakirə olunur.
28 yaşlı legionerin xidmətində bir neçə klubun maraqlı olduğu deyilsə də, yüksək maaş tələbi səbəbindən futbolçunun gedişi hələlik mümkün görünmür.
Amma burada əsas sual başqadır: Əgər Sambu komandanın planlarına daxil deyildisə, o zaman niyə Peşəkar Futbol Liqasına sifariş olunurdu?
“Neftçi” artıq 17 legioner futbolçu sifariş edib. 16-cı və daha sonrakı əcnəbilər üçün rüsum 200 min manat təyin olunub.
Bu isə klubun ingiltərəli forvarda görə 200 min manat ödəniş etməsi deməkdir.
Planlarda olmayan bir futbolçu üçün kifayət qədər ciddi maliyyə yüküdür.
Sambu çempionatda geridə qalan 6 turdan 3-də ümumiyyətlə sifariş vərəqəsində yer almayıb, digər 3 oyunda isə cəmi 82 dəqiqə meydanda olub.
Belə olan halda ortaya çox sadə, amma ciddi sual çıxır: Planlarda olmayan futbolçu niyə sifariş edildi və klub niyə onun üçün bu qədər böyük məbləğ ödəməli oldu?
Əgər futbolçudan istifadə planlaşdırılmırdısa, bu qərarın arxasında hansı məntiq dayanır? Yox, əgər planlarda idisə, onda nə dəyişdi?
“Neftçi”nin və ya baş məşqçinin Sambu məsələsində verdiyi qərarın izahı maraqlı olardı.
XANOĞLAN/ SPORTİNFO.AZ
