Elxan Məmmədovun xahişini yerinə yetirdilər, kadrının arxasından QAÇDILAR

16:00 Araz-Naxçıvan 173
Elxan Məmmədovun xahişini yerinə yetirdilər, kadrının arxasından QAÇDILAR

Cavid Hüseynovun Premyer Liqaya üçüncü gəlişi heç dörd ay çəkmədi.

İyunda təşrif buyurduğu «Araz-Naxçıvan»ı sentyabr başa çatmadan tərk etdi.

Komandanı Premyer Liqada altına oyuna çıxardı, cəmi 2 xal topladığı üçün də işini itirdi. Bu ayrılıqdan itirən yalnız odur?

Biz belə hesab eləmirik. Nəticələr uğursuzdursa, cavabdeh ilk növbədə baş məşqçidir.

Seleksiya işi aparan, heyəti formalaşdıran bir şəxs olaraq baş məşqçi ordunun generalı sayılır. Amma general təyin etdiyi zatın işinə ordunun komandanı, yəni, klub rəhbərliyi tez-tez müdaxilə edirsə, burada Kərəmi dəli bir ağlamaq tutur.

Ya ona inanmalı və arxasında durmalısan, ya da ki, şərti şumda kəsməlisən.

Deməlisən ki, səni bura gətirirəm, işin ancaq futbolçuları məşqə çıxarmaqdır, istəsəm, gündəlik hazırlıq prosesinə qarışacam, istəsəm, heyəti özüm müəyyənləşdirəcəm, istəsəm, taktikanı da özüm seçəcəm.

«Araz»da bunu bəribaşdan söyləmirlər. Sakit şəkildə gətirir, səs-küylə yola salırlar. Belə vəziyyət illərdir davam edir və nə qədər ki yeni rəhbərlik gəlməyib, «ənənə» pozulmayacaq.

Çıxıb desələr ki bizə «pult»la idarə olunan məşqçi lazımdır, heç məsələ bu səviyyədə şişməz. Hamı bilər ki, «Araz»ın başbilənlərinin yolu budur, bu yolla gedirlər, bundan sonra da gedəcəklər.

Nə olsun ki Cavid Hüseynovun xahişini Elxan Məmmədov edib, gərək onun xasiyyəti və xarakteri də nəzərə alınardı. Gəncdir, təcrübəsizdir, ancaq «Fatı, qalx», «Fatı, otur» təlimatı əsasında işləyən məşqçilərdən deyil.

Sözünü deyən, dediyi sözün arxasında dayanmağı bacaran, doğru saydığı prinsiplərdən geri çəkilməyən tiplərdən biridir.

Rəhbər hər oyundan əvvəl ona nəsə göstəriş verməyi ağlının ucundan keçirirsə, mütləq ondan sonra olacaq hadisələri də özü üçün proqnozlaşdırmalıdır.

Əlqərəz, «Araz Naxçıvan» mövsümə avrokuboklara vəsiqə iddiasıyla başlayıb, altı turdan sonra turnir cədvəlinin lap «dib»inə yuvarlanıbsa, bütün günahı təkcə baş məşqçidə görmək yanlışdır.

Klubu idarə edənlərin yarıtmaz fəaliyyətinin, üzdə bir söz, arxada başqa cür hərəkət etməsinin də nəticələrin pis olmasında payı böyükdür.

Onlar Cavid Hüseynovun ətrafında birləşmədi. Bir yumruq olmadılar. Hərəsi bir tərəfə çəkdi. Azər Bağırovun dönəmindəki kimi.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti