Cavid Hüseynovla vidalaşan “Araz Naxçıvan”ın Yuri Maksimovla anlaşmasından xəbərdarsız.
57 yaşlı mütəxəssis 2 gün öncə ölkəmizə təşrif buyurub.
Saytımız bu gəlişmə ilə bağlı son dərəcə maraqlı məlumat əldə edib.
Klubdan redaksiyamıza ötürülən xəbərə görə, ukraynalı ilə əlaqə bir müddət əvvəl yaradılıb. Təqribən 2-3 həftə öncə.
Görüşmələr uzun sürməyib. Baş məşqçi təklif aldığı ilk gündəcə “hə“ deyib.
Maksimov hələ onda Azərbaycana gəlməyə razılıq verib. Hətta “Şamaxı” ilə Premyer Liqanın altıncı turu çərçivəsində keçirilən matçı canlı izləmək istədiyini bildirib.
Onun stadionda görünməsinin böyük söz-söhbət yaradacağından ehtiyatlanan Zaur Axundov bu planı ertəloəyib.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti 1:2 hesablı səfər məğlubiyyətinin rəsmiləşdiyi gün Maksimovla yenidən rabitə qurub, gəlişini təmin eləyib.
Müqavilə şərtlərinə əsasən, o, ən azı 2027-ci ilin iyun ayınadək burada işləyəcək.
”Ağ-qırmızılar”ı Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparan komanda həddinə çatdırarsa, gələn mövsümü də burada keçirəcək. Təyinatın bu gün, uzaqbaşı, sabah açıqlanması nəzərdə tutulub.
Y.Maksimov Azərbaycan futboluna tanış simadır.
“Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib, komandaya Azərbaycan kubokunu qazandırıb. Qəsəbə təmsilçisi Qəbələdə keçirilən finalda eyniadlı rəqibə 2:0 hesabıyla qalib gəlib.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.
Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb.
Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.
2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı Andrey Demçenko çalışdırıb.
SPORTİNFO.AZ
