“Neftçi”də onun dövrü başa çatır - Bu XƏBƏRİ QAÇIRMAYIN!

14:40 Neftçi 185
“Neftçi”də onun dövrü başa çatır - Bu XƏBƏRİ QAÇIRMAYIN!

“Neftçi” ilə “Kappa” arasında uzun illər davam edən əməkdaşlıq 2027-ci ilin yayında başa çatacaq.

Əldə etdiyimiz məlumata görə, 2027/28 mövsümündən etibarən “Neftçi”nin futbolçuları yeni texniki tərəfdaşın - “Puma”nın formaları ilə meydana çıxacaq.

Bu dəyişiklik Bakı klubunda sadəcə forma dəyişikliyi deyil. “Neftçi” üçün “Kappa” ilə xeyli müddətdir davam edən bir dövrün sonu, eyni zamanda, klubun texniki təchizatında yeni mərhələnin başlanıcı olacaq.

“Kappa”nın “Neftçi” ilə əməkdaşlığında Kamil Məmmədovun da xüsusi əməyi var. Beləliklə, 2027-ci ilin yayından etibarən klubun forma və texniki təchizat istiqamətində Kamil Məmmədovla əlaqələndirilən dövrün də başa çatması gözlənilir.

Kamil Məmmədov uzun müddətdir “Kappa”nın Azərbaycandakı fəaliyyəti və klub səviyyəsində idman geyimlərinin təchizatı ilə əlaqəli əsas şəxslərdən biri kimi tanınır. “Neftçi” - “Kappa” əməkdaşlığının formalaşmasında onun da mühüm rolu olub.

Və burada diqqətçəkən daha bir detal var.

Azərbaycan minifutbolunun ən uğurlu klublarından biri olan “Birbaşa Bakı” da uzun müddətdir “Kappa”dan istifadə edir. Klub Azərbaycan çempionatının çoxqat qalibi olmaqla yanaşı, ölkəmizi EMF səviyyəsində Çempionlar Liqasında təmsil edib.

Ən maraqlısı isə budur ki, Kamil Məmmədov “Birbaşa Bakı”nın rəhbərliyində yer alan əsas şəxslərdən biridir və komandanın kapitanı kimi də çıxış edib.

Amma “Kappa”nın “Neftçi” tarixindəki yerini xüsusi qeyd etmək lazımdır. Bu brend hər zaman “Neftçi” üçün keyfiyyətli, fərqli və diqqətçəkən formalar təqdim edən brendlərdən biri olub.

Xüsusilə əsas komandanın geyindiyi bəzi formalar öz dizaynı və eksklüziv görünüşü ilə azarkeşlərin yaddaşında qalıb.

“Kappa” ilə “Neftçi” arasındakı əməkdaşlığın ilk dövrü 2017/18 mövsümünə təsadüf edir. Həmin mövsümdə “Neftçi” əsas komandası “Kappa”nın formaları ilə çıxış edib.

Bu əməkdaşlıq 2018-ci ildə başa çatıb və tərəflərin yolları ayrılıb. Bir neçə ildən sonra “Kappa” yenidən “Neftçi”yə qayıdıb.

30 iyun 2025-ci ildə klub “Kappa” ilə yeni əməkdaşlığın başladığını rəsmən açıqlayıb. Yeni müqavilə iki il müddətinə, yəni 2025/26 və 2026/27 mövsümlərini əhatə edir.

Beləliklə, KAPPA-nın “Neftçi” tarixində iki ayrı dövrü formalaşıb:

İlk əməkdaşlıq arzuolunmaz nəticələrlə yadda qalsa da, “Kappa”nın “Neftçi”yə ikinci gəlişi daha fərqli gözləntilərlə qarşılandı. Xüsusilə əsas komanda üçün hazırlanmış eksklüziv formalar həm dizaynı, həm də keyfiyyəti ilə azarkeşlərin diqqətini çəkdi.

İndi isə 2027-ci ilin yayından etibarən “Neftçi”nin yeni texniki tərəfdaşının “Puma” olacağı gözlənilir və bununla “Kappa”nın klubdakı ikinci dövrü də başa çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti