Ötən mövsüm I Liqada “Şəfa”yla çempionluq sevinci yaşayan futbolçuların böyük əksəriyyəti yayda komandanı tərk etdi.
“Qızıl” qazanan heyətdən 7 nəfərlə yeni anlaşma əldə olundu ki, onlardan biri də Ramin Nəsirlidir.
Premyer Liqanın startından bu yana 6 tur keçsə də, “Neftçi”nin yetirməsinin adına heç bir matçın iştirak ərizəsində rast gəlməmişik.
Sən demə, Ramin Zaur Həşimovun planlarına daxil deyil.
Baş məşqçi heyəti komplektləşdirəndə Raminin xidmətinə ehtiyac duyacağını bildirib və onunla müqavilə bağlanıb.
Lakin bir müddətdən sonra 24 yaşlı yarımmüdafiəçini oynatmayacağını səbəbkarın diqqətinə çatdırıb. Ona başqa kluba keçmək təklif olunub. Lakin bu, sonradan baş verdiyindən qısa müddətdə axtarışlar nəticə verməyib.
Odur ki, Ramin müqavilənin şərtlərinə əsasən aylıq maaşını alır, əsas komandayla məşq edir. Adının iştirak ərizəsinə salınmamasının səbəbi isə əvəzedici komandada oynamaması ilə bağlıdır.
HƏBİB / SPORTİNFO.AZ
