“Qarabağ” bundan sonra bahalı futbolçular alacaqmı?

01:50 Qarabağ 131
“Qarabağ” bundan sonra bahalı futbolçular alacaqmı?

“Qarabağ”ın prezidenti Tahir Gözel klubun mətbuat xidmətinə geniş müsahibəsində transfer siyasəti ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri azarkeşlərin komandada daha böyük adlar görmək istəməsinin başadüşülən olduğunu söyləyib:

“Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. Transfer pəncərəsinin sonunda yalnız “kimi aldın?” sualını vermək kifayət deyil. “Kimi saxladın?”, “hansı mövqedə rəqabəti artırdın?”, “komandanın ümumi balansını necə dəyişdin?”, “gələn futbolçunun inkişaf potensialı nədir?” kimi suallar da verilməlidir.

Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür”.

Tahir Gözel bu zaman Kamilo Duranı buna yaxşı nümunələrdən biri kimi göstərib: “O, “Qarabağ”a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. “Qarabağ”da keçdiyi inkişaf prosesindən sonra “Seltik”ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır.

Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir.

Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir.

Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM