Riskli təyinatlar - Bu qərarları kim verir və niyə?

13:00 Qalmaqal 121
Riskli təyinatlar - Bu qərarları kim verir və niyə?

Ötən mövsümün sonunda yazmışdıq.

Açıq şəkildə bildirmişdik ki, proseslər yaxşı istiqamətdə getmir, futbol idarəçiliyində ciddi suallar yaranır və vaxtında tədbir görülməsə, bunun fəsadları daha ağır ola bilər.

Hətta konkret xəbərdarlıq etmişdik: növbəti mövsümdə “Turan Tovuz” – “Zirə” oyunlarında ciddi qalmaqallar yaşana bilər.

Təəssüf ki, bizi eşidən olmadı. Və qorxduğumuz başımıza gəldi. Sentyabrın 19-da keçirilən “Turan Tovuz” – “Zirə” oyununa (1:0) Rəvan Həmzəzadə baş hakim, İmanxan Sultani hakim-inspektor, Asif Əliyev isə AFFA nümayəndəsi təyin olunmuşdu.

Bu təyinatların hər biri ayrı-ayrılıqda, ciddi suallar doğurur. İndi isə gəlin, bir anlıq emosiyaları kənara qoyaq və sadə bir sual verək:

Bu təyinatları kim və hansı meyarlarla həyata keçirib? Çünki söhbət sadəcə bir oyundan getmir.

Söhbət futbolda qərar verən şəxslərin seçimindən, həmin seçimlərin məntiqindən və bu qərarların nəticəsində AFFA-ya olan ictimai etimaddan gedir.

Ötən mövsüm “Sabah” – “Qarabağ” oyununun idarəçiliyi Rəvan Həmzəzadənin adı ətrafında ciddi müzakirələrə səbəb olmuşdu. Belə bir fondan sonra yeni mövsümdə yenidən prinsipial və gərgin oyunlardan birinə onun təyin olunması təbii olaraq suallar yaradır.

Daha maraqlısı isə budur: Niyə məhz belə oyun?

Niyə futbol ictimaiyyətinin əvvəlcədən həssas yanaşdığı qarşılaşmada riskləri minimuma endirmək əvəzinə, yeni müzakirələrə yol aça biləcək seçimlər edilir? Bu sualların cavabı verilməlidir.

Üstəlik, həmin oyunda hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Asif Əliyev idi.

Oyunun Hakim İnspektoru İmanxan Sultaninin kimliyini təcrübəsi olan futbol ailəsinin üzvləri yaxşı bilir. Oyunun təşkilinə, təhlükəsizliyin yüksək səviyyədə olmasına cavabdeh olan şəxs AFFA nümayəndəsidir.

Oyunda olan jurnalistlərin sözlərinə görə Asif Əliyev tam olaraq özünü itirmişdi və nə edəcəyini bilmirdi. Yaxşı ki, hər iki komandanın baş məşçisi təmkinli davrandı yoxsa nələrin baş verəcəyini təsəvvür belə etmək istəmirəm.

Oyunun sonunda isə nə baş verdi? 90+6-cı dəqiqədə “Turan Tovuz” qələbə qolunu vurdu. Oyunda bir neçə etiraz epizodu yaşandı, sarı vərəqələr göstərildi.

Əlbəttə, bütün bunlar avtomatik olaraq hansısa qərəzin və ya əvvəlcədən müəyyən edilmiş niyyətin sübutu deyil. Amma ictimai sual yaratmaq üçün kifayət qədər əsasdır.

Və burada daha böyük problem başlayır. AFFA-da dəyişiklik çoxdur, amma nəticə haradadır?

Son dövrdə AFFA-nın müxtəlif strukturlarında və departamentlərində kadr dəyişiklikləri həyata keçirilir.Kadr dəyişikliklərinə qarşı çıxmaq olmaz.

Əksinə, istənilən təşkilat zaman-zaman yenilənməlidir. Amma bir şərtlə: Yeni gələn əvvəlkindən daha peşəkar olmalıdır.

Əgər kadr dəyişir, amma problemlər dəyişmir... Əgər yeni təyinat köhnə problemin üstünə yeni problem əlavə edirsə...

Əgər hər yeni qərardan sonra “bunu kim düşünüb?” sualı yaranırsa... O zaman artıq söhbət ayrı-ayrı şəxslərdən yox, sistemdən getməlidir.

Bu gün AFFA rəhbərliyi qarşısında ən ciddi suallardan biri də budur: Rövşən Nəcəfə təqdim olunan qərarların keyfiyyətinə, icrasına kim nəzarət edir?

Çünki çox təhlükəli bir vəziyyət yaranır. İstər bilərəkdən, istərsə də səriştəsizlik ucbatından olsun, ardıcıl uğursuz və mübahisəli qərarlar nəticədə birbaşa AFFA rəhbərliyinin adına yazılır.

Bu, artıq Rövşən Nəcəfin şəxsi imicinə də təsir edə bilər. Burada heç kimi konkret nədəsə ittiham etmək fikrimiz yoxdur.

Amma bir sual vermək haqqımız var: AFFA daxilində kimlərsə rəhbərliyi bilərəkdən çətin vəziyyətə salır, yoxsa problem sadəcə peşəkarlıq və koordinasiya çatışmazlığıdır?

Əgər ikinci variantdırsa, bunun da cavabı verilməlidir. Çünki idarəetmədə ən təhlükəli vəziyyət səhvin baş verməsi deyil.Eyni səhvin təkrar-təkrar baş verməsidir.

Hələ mövsümün cəmi 6 turu geridə qalıb. Altıncı turda artıq bu qədər ciddi suallar yaranırsa, qarşıda bizi daha neçə belə hadisə gözləyir?

İkinci dövrədə nə olacaq? Üçüncü dövrədə nə olacaq?

Ən əsası isə, bu suallara cavab verilməsə, futbol ictimaiyyətinin AFFA-nın qərarlarına olan inamı necə qorunacaq? Azərbaycan futbolunun bu gün qalmaqala deyil, sakitliyə, peşəkarlığa, şəffaflığa və etibarlı idarəetməyə ehtiyacı var.

Heç kim AFFA-nın zəifləməsini istəməməlidir. Əksinə, AFFA nə qədər güclü və peşəkar olsa, Azərbaycan futbolu da bir o qədər güclü olar.

Ona görə də bu yazının məqsədi kimisə hədəfə gətirmək deyil. Məqsəd çox sadədir: Suallarımıza cavab istəyirik.

Kim qərar verir? Hansı meyarlarla qərar verir? Niyə riskli təyinatlar edilir? Niyə əvvəlki problemlərdən nəticə çıxarılmır?

Və ən əsası: AFFA rəhbərliyi bütün bunları görürmü? Çünki biz bunu ötən mövsümün sonunda demişdik.

Bu gün həmin suallar yenidən qarşımızdadır. Sabah daha böyük problem baş verəndə isə “heç kim bunu gözləmirdi” demək artıq inandırıcı olmayacaq.

Çünki xəbərdarlıq edilmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti