Bezdik “Qarabağ”la “Neftçi”ni görməkdən...

21 Sentyabr 2021 13:00 Qəbələ 1 577
Bezdik “Qarabağ”la “Neftçi”ni görməkdən...

“Səbail”lə oyunda “Qəbələ”nin 5:0 hesablı qələbəsindən daha vacib və maraqlı an yaşandı həmin gün stadionda.

Meydan sahiblərinin vurduğu ilk 3 qolda azərbaycanlı futbolçuların imzası vardı. Rövlan Muradov, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev...

Azərbaycan çempionatında tabloda, titrda bu adları görəndə, adama sanki dünyaları bağışlayırlar.

Açığı, Premyer Liqada sonuncu dəfə bu cür mənzərəyə nə vaxt şahidlik etdiyimi xatırlamıram. Elitada bir komanda 3 qol vursun və hamısında fərqli azərbaycanlıların adı olsun.

Təsəvvür etməyin özü belə çətindir. Çempionatdakıların yarısından çoxu legionerlərdir, müəyyən qismini də geydirmə “azərbaycanlılar” təşkil edir. Vəziyyət o qədər qəlizləşib ki, öz uşaqlarımız onların arasından baş çıxarıb nəsə edəndə inanmaq da olmur.

Hə, dediyim o qollar və sonradan Elxan Əhmədovun qapısına göndərilən daha 2 qol “Qəbələ”ni turnir cədvəlinin ən üst pilləsinə qaldırdı.

Hər nə qədər qəribə səslənsə də, bu gün bölgə təmsilçisi top fərqinə görə ölkəmizi Konfrans Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”ı qabaqlayır.

Bu qabaqlamaq nə qədər davam edəcək, sonluq necə olacaq, Elmar Baxşıyevin kollektivi hara qədər “dartacaq” – bütün bunlar cavabları ciddi önəm kəsb etməyən sonranın suallarıdır.

Çünki hazırda yaşananlar və bu gün gördüklərimiz Azərbaycanda analoqu olmayan sənət əsəridir. “Qəbələ” Futbol Akademiyası adlı sənətin əsəri. Çünki artıq 2 ildir ki, komanda akademiyada yetişən gənclərin ümidinə qalıb.

Artıq 2 ildir ki, “qırmızı-qaralar” həmin gənclərlə digərlərinə örnək olmaqdadır. Artıq neçə illərdir ki, digərləri Bəhlul Mustafazadə, Amin Seydiyev, Qismət Alıyev, Elvin Camalov, Amil Yunanov adlı “meyvələrdən” dadmaqdadır.

Komandada hazırkı ab-havanın yaranmasında hər nə qədər illərlə çəkilən əziyyətin bəhrəsi görünsə də, bu məqamda klub rəhbərliyi ilə məşqçilər heyətinin əziyyətini itirmək olmaz.

Məhdud büdcə ilə mübariz komanda formalaşdıran, legioner seçimində olduqca ağıllı davranan Elmar Baxşıyevlə klub funksionerləri bu gün təmiz işin bəhrəsini görməkdədirlər.

Təmizlik, halallıq olan yerdə isə, nəticə özü səni tapır. “Qəbələ” yubiley xarakterli 30-cu çempionata rəng qatmaqla başlayıb.

İnanır və ümid edirik ki, mübarizəni sona qədər davam etdirib futbolsevərləri həyəcanlandırmaqda davam edəcəklər. Yoxsa, bezdik çempionluq uğrunda mübarizədə “Qarabağ”la “Neftçi”ni görməkdən...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti