Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda bu gün "Sahah"ı qəbul edəcək "Mançester Yunayted" yubiley matçına çıxacaq.
"Qırmızı şeytanlar" qitənin ən nüfuzlu klub turnirində 300-cü oyununu keçirəcək.
Turnirin 3 dəfə qalibi olan və ötən mövsüm avrokuboklardan kənarda qalan İngiltərə nəhəngi iki ildir Çempionlar Liqasında iştirak etmirdi.
"Sabah" isə tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində oyuna çıxacaq.
“Sabah”ın öz oyunundan vaz keçməsi ən böyük səhv olardı. Valdas Dambrauskasın fəlsəfəsi məhz bundan fərqlənir
. Litvalı mütəxəssis Azərbaycan çempionuna daha cəsarətli, irəliyə yönəlmiş futbol aşılamağı bacarıb.
UEFA-nın yazdığı kimi, Dambrauskasın əsas işi futbolçuları onların böyük rəqibləri məğlub edə biləcəyinə inandırmaq olub. “Sabah”ın 33 oyunluq məğlubiyyətsiz seriyası da bu inamın təsadüfi olmadığını göstərir.
Bu gün həmin inamın ən böyük testi olacaq.
Maraqlıdır ki, Dambrauskas üçün bu qarşılaşma adi Çempionlar Liqası oyunu da deyil. Onun məşqçilik karyerasının İngiltərə mərhələsində ilk böyük futbol təcrübələrindən biri məhz “Manchester United Soccer Schools”da çalışmaq olub.
İllər sonra isə o, “Old Trafford”a bu dəfə məşqçi kimi, Çempionlar Liqasında debüt edən Azərbaycan çempionunun baş məşqçisi kimi qayıdır.
“The Guardian” bu hekayəni bugünkü matçın ən diqqətçəkən süjetlərindən biri kimi təqdim edir.
Dambrauskasın yanaşması isə kifayət qədər aydındır: hamıya hörmət etmək, amma heç kimdən qorxmamaq.
Bu fikir “Sabah” üçün bugünkü oyunun əsas şüarına çevrilə bilər.
Əlbəttə, “Mançester Yunayted”in üstün tərəfləri kifayət qədərdir. Bruno Fernandesin yaradıcılığı, hücum xəttində fərdi ustalıq,
“Old Trafford” amili və heyətin dərinliyi Azərbaycan çempionu üçün ciddi problemlər yaradacaq.
Üstəlik, Çempionlar Liqasında təcrübə fərqi çox böyükdür. Sports Illustrated də məhz bu amili “Sabah”ın əsas çatışmazlıqlarından biri kimi göstərir.
Amma futbolun gözəlliyi də buradadır: böyük komanda həmişə böyük futbol oynamır, kiçik görünən komanda isə həmişə kiçik oynamalı deyil.
Hətta İngiltərədə “Sabah”a münasibətdə müəyyən ehtiyatlı yanaşma da var. Ladbrokes-in bu günkü analizində “Sabah”ın oyunun hər hansı bir hissəsində hesabda önə keçməsi ayrıca mümkün ssenari kimi qiymətləndirilib.
Onların əsas arqumenti “Yunayted”in mövsümə müdafiədə qeyri-sabit başlaması və artıq “Hall Siti” və “Everton” qarşılaşmalarında ciddi problemlər yaşamasıdır.
Bu, “Sabah”ın favorit olduğu anlamına gəlmir. Əksinə, “Mançester Yunayted” yenə də böyük favoritdir.
Amma “Sabah” üçün məsələ heç vaxt favorit olmaq olmayıb.
SPORTİNFO.AZ
