Premyer Liqada yeni mövsümün ilk baş məşqçi istefası rəsmiləşib.
“Qəbələ” Kaxaber Sxadadze ilə yollarını ayırıb.
Klubun mətbuat xidməti saytımızın dünən axşam saatlarında yaydığı məlumatı az öncə rəsmən təsdiqləyib.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Onun köməkçisi Georgi Çixradze də buradan göndərilib.
Sxadadze 2024-cü ilin fevral ayından "Qəbələ"ni çalışdırırdı. Komanda hazırda Misli Premyer Liqasında 3 turdan sonra cəmi 1 xalla 10-cu pillədə qərarlaşıb.
Kontraktı 2027-ci ilin yayında bitəcək baş məşqçiyə minimum 4 aylıq kompensasiya ödəniləcək. Klubdan redaksiyamıza daxil olan informasiyaya görə,
Kaxa son anadək sükanı arxasını tərk etməyə maraq göstərməyib. O, özünün və yardımçısının təzminatının bütöv ödənilməsini istəyib.
Qonşu ölkədən olan mütəxəssisə izah edilib ki, büdcədə qalan vəsait o qədər də çox deyil və əgər kompensasiya tam şəkildə ödənilsə, yeni baş məşqçini gətirmək çətinləşəcək.
Çünki ona, həmçinin köməkçilərinə maaş vermək üçün pul tapmaq müşkülə dönəcək. Sxadadzedən indiyədək onunla kəsilən düz-çörəyə xatir güzəştə getməsi xahiş edilib, o da könülsüz olsa da, razılaşıb.
Dünən klubda təcili iclas keçirilib. Tərəflər komandanın Premyer Liqanın ilk 3 turundakı pis nəticələri və göstərdiyi bərbad oyunu geniş müzakirə edib.
Rəsmilər bu vəziyyətdən narazılığını bildirib.
Əcnəbi mütəxəssis son anda qərarından daşınmasa, onun vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlamanın bu gün verilməsi gözlənilir.
“Qəbələ”ni isə müvəqqəti olaraq Asif Məmmədov məşqə çıxaracaq.
Yeri gəlmişkən, məlumunuz olsun ki, «Qəbələ»nin prezidenti Fariz Nəcəfov şok addım atıb.
Belə ki, o, Premyer Liqanın üçüncü turunda «Şamaxı» ilə evdə qolsuz heç-heçə edən komandanın paltardəyişmə otağına daxil olub.
Əsəbindən özünə yer tapa bilməyən başqan maketi yerə çırpıb.
Əsəbi soyumayan rəhbər su qablarını təpikləyib. Həmçinin kollektiv üzvləri ilə çox sərt formada danışıb.
Nəcəfov çempionatın ilk üç həftəsində qol vura və qələbə qazana bilməyən futbolçulara bunun bağışlanmaz hal olduğunu bildirib, mütləq surətdə tədbirlər görəcəyini açıqlayıb.
Prezident deyib ki, «Qəbələ»ni bu vəziyyətdə görmək istəmir və günahkarları tapıb üzə çıxaracaq.
«Belə gedə bilməz» ifadəsini işlədən klubun birinci şəxsi qeyd edib ki, o, bundan sonrakı oyunlarda yalnız qalibiyyət gözləyir.
«Qəbələ»də hər kəsi heyrət içində boğan isə Fariz Nəcəfovun bu qədər özündən çıxmasıdır. O, çox nadir hallarda komanda ilə görüşər, nəsə söz deyir.
Adətən, sakitliyini qoruyar, hər hadisəyə reaksiya verməz.
Bu isə ilk belə hadisədir. Görün, Kaxaber Sxadadzenin yarıtmaz fəaliyyəti onu necə çilədən çıxarıbsa, səbri basmağı çıxış yolu saymayıb.
SPORTİNFO.AZ

