Dərdi başından aşan “Qəbələ” üçün bundan gözəl fürsət?

4 Sentyabr 23:00 Qəbələ 178
Dərdi başından aşan “Qəbələ” üçün bundan gözəl fürsət?

“Qəbələ” Kaxaber Tsxadadze dönəmi başa çatdı.

Bölgə təmsilçisinin yeni mövsümə 3 oyunda cəmi 1 xalla başlaması klub rəhbərliyinin səbr kasasını daşırmalıydı. Daşırdı da.

Gürcü çalışdırıcı ilə aparılan danışıqların nəticəsi kimi onunla yollar ayrıldı. Təbii ki, gələn ilin yayına qədər qüvvədə olan müqaviləsindəki maliyyə öhdəliyinin müəyyən hissəsini ödəməklə.

“Qəbələ”ni “İmişli” ilə görüşə qapıçılarla işləyən məşqçi Amil Ağacanov və fiziki hazırlığa cavabdehlik daşıyan Miloş Yevtiç çıxaracaq. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki rəhbərlik artıq bir neçə mütəxəssislə danışıqlara start verib.

Məlumatına görə, namizədlər siyahısının başında Samir Abasov dayanır. Rəsmilər 48 yaşlı çalışdırıcının komandaya nə dərəcədə və hansı müddətdə xeyir verə biləcəyini götür-qoy edir.

Əslində, bu gün üçün kifayət qədər yaxşı seçim olduğunu deyə bilərik.

Hazırda “Qəbələ”də xaos hökm sürür. İndiki məqamda taktiki-texniki, yaxud fiziki yox, psixoloji amil ön plana çıxmalıdır. Abasov bu işin ustasıdır.

Futbolçuları oyuna kökləmək, onlarda özünəinam yaratmaq, döyüşkən ruhu formalaşdırmaq bu məşqçinin ən yaxşı bacardığı işdir.

Tsxadadzenin dönəmində futbolçuların ən çox narazılıq etdiyi baş məşqçinin onlarla kobud davranmasıydı. Abasov bu cəhətinə görə fərqlənir. Azarkeşlə dalaşar, jurnalistlə kəllə-kəlləyə gələr, amma futbolçunun tərəfini əsla verməz.

2021-ci ildə “Neftçi”ni çempion etmiş mütəxəssisin çiyinlərində illərin təcrübəsi “yatır”. Xüsusən “Neftçi”dəki ikinci dönəmdə keçirdiyi 1 il onun üçün həm həyat, həm də futbol dərsi oldu.

Adamları tanıdı, yol verdiyi səhvləri gördü, hansı məqamda nə etmək lazım gəldiyini anladı. İndi də yarımçıq qalan planlarını həyata keçirib nəyə qadir olduğunu tam göstərmək üçün alışıb-yanır.

Öz aramızdır, dağ adamı kimi tanınan Abasov üçün Qəbələ əla məkandır. Havasını udub dərindən nəfəs alsa, rəhbərlikdən də lazım olan dəstəyi görsə, vay rəqiblərin halına.

Samir Abasovu yox, başqasını da seçə bilərlər. Amma əcnəbi mütəxəssis əsla və əsla.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM