Mahiyyəti ilə fəaliyyəti tərs mütənasib olan Azərbaycan klubunu TANIYIN

21:00 I Divizion 110
Mahiyyəti ilə fəaliyyəti tərs mütənasib olan Azərbaycan klubunu TANIYIN

MOİK-in mahiyyəti nədir?

Birinci Liqada yeni mövsüm start götürdü. İlk oyun günündə meydana çıxan komandalardan biri də MOİK oldu. Hərbçilər ilk qarşılaşmada “Şahdağ Qusar”a 0:1 hesabı ilə məğlub oldular.

Amma nəticədən daha çox diqqətimi çəkən başqa məqam oldu: MOİK-in bu mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş etdiyi heyət.

Heyətdə üç legioner var. Arasında 32 yaşlı nigeriyalı futbolçuya yer tapılıb, fransalıya yer tapılıb, kolumbiyalı futbolçuya yer tapılıb.

Amma əsgərlik yaşında bir milli komanda üzvünə belə MOİK-də yer yoxdur.

Halbuki MOİK-in yaradılmasının, yaşamasının və fəaliyyət göstərməsinin əsas mahiyyəti məhz bu deyilmi?

Milli komandaların üzvü olan, istedadlı və perspektivli futbolçular hərbi xidmət müddətində futboldan uzaq düşməsinlər, idman formalarını qorusunlar, peşələri ilə məşğul olsunlar və hərbi xidmət başa çatdıqdan sonra futbola hazır vəziyyətdə qayıtsınlar.

Həm də həmin idmançılar maaş almadan kluba xidmət göstərsinlər.

Təəssüf ki, bu məqsədlə yaradılmış komandanın heyətində bu gün nigeriyalı, fransalı, kolumbiyalı futbolçu oynayır.

Bəzi milli üzvləri isə ölkənin ucqar bölgələrində hərbi xidmət keçir.

Ən yaxşı halda MOİK-də yaşlı azərbaycanlı futbolçulara rast gəlirik.

İllər keçir, mövsümlər dəyişir, amma komandanın əsas missiyası sanki arxa plana keçir.

Amma MOİK legioner gətirən, yaşlı futbolçularla heyət formalaşdıran adi bir Birinci Liqa komandası olmamalıdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti