“Qəbələ” Premyer Liqada keçirdiyi ikinci oyunda da məğlub oldu.
İlk turda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan bölgə təmsilçisi bu dəfə öz meydanında eyni hesabla “Şəfa”ya boyun əydi.
Sportinfo.az-a müsahibə verən qəbələlilərin müdafiəçisi İsaak Amoah sualları cavablandırıb.
- Debütanta yenilgini nə ilə izah edə bilərsən?
- Deməyə söz yoxdur. Səviyyəmizdən və bacarığımızdan aşağı səviyyədə çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik. Rəqib də bundan istifadə etdi.
- Niyə oynaya bilmədiniz? Nə mane oldu?
- Futbolda belə hallar olur. Məsələn, "Turan Tovuz”a qarşı normal çıxış etmişdik. Amma bu dəfə alınmadı. Başlıca səbəb çox sayda top itkilərinə yol verməyimiz və hücum qurularkən sürətli davranmamağımız idi. Hücumlar zamanı topu lazımi şəkildə hücumçulara çatdıra bilmirdik. Bununla yanaşı, əlimizə düşən 2-3 qol şansını da boşa verdik. Toparlanmalı, növbəti oyunlara hazırlaşıb məğlubiyyətləri qələbələrlə sığortalamalıyıq.
- Bəlkə “Şəfa”nı lazımi dərəcədə ciddiyə almamağın acısını çəkdiniz?
- Belə deməzdim. “Şəfa” ötən həftə “Zirə”yə uduzsa da, inamlı futbol nümayiş etdirmişdi. Xüsusən müdafiədə kompakt oynayır. Çempionatda ciddi alınmayacaq rəqib yoxdur. İstənilən komanda digərini məğlub edəcək gücdədir. “Şəfa” Premyer Liqada yeni olduğu üçün hədsiz istəkli olacaqlarını bilirdik. Ona görə də ciddiyə almamaqdan söhbət gedə bilməz.
- Ötən mövsümkü “Qəbələ” indikindən daha inamlı görünürdü, oynadığı futbol da cana yatırdı. Razısan?
- Futbolçu keyfiyyəti baxımından həm ötən, həm də cari mövsümdə keyfiyyətli futbolçularımız var. Fərq ondadır ki, ötən mövsüm futbolçular birlikdə çox vaxt keçirmişdi, çox matçlar oynamışdı. Lakin indiki heyətdə yenilərin sayı çoxdur. Məsələn, bu oyunda yeni transferlərdən altı nəfər əsas heyətdə yer almışdı. Ötən matçda da beləydi. Futbolçuların sistemə öyrəşməsi, gərginlik zamanı bir-birini anlaması üçün müəyyən vaxta ehtiyac var.
- Bu futbolçular ayyarımdır birlikdədir. Bu qədər vaxt anlaşma səviyyəsinin yaxşılaşmasına bəs etmir?
- Futbolçuların hamısı toplanışın ilk günündən düşərgədə olsaydı, daha yaxşı nəticəyə nail olmaq mümkün idi. Amma nəzərə alın ki, yenilər fərqli günlərdə, fərqli həftələrdə gəldilər. Sonradan qoşulan futbolçuların fiziki durumunun ideal olmaması, sistemi tam qavramaması normaldır. Bu, müəyyən qədər vaxt tələb edir.
HƏBİB
