“Neftçi”də işlər hələ ki, pis getmir.
Bakililar Konfrans Liqası ilə ilk cəhddə vidalaşsa da, Premyer Liqadakı vəziyyət xoş gələcəkdən xəbər verir.
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 4 oyunun 3-nü qələbə ilə başa vurmaqla yalnız 1 oyunda “Zirə”yə uduzub.
Hazırda 9 xalla turnir cədvəlinə liderlik edir. “Qarabağ”la “Sabah” rəqibləri ilə müqayisədə 1 matç az keçirməsi belə bir mənzərənin yaranmasına səbəb olub.
Daha bir sevindirici məqam “ağ-qaralar”ın göstərdiyi məhsuldarlıqdır. “Sumqayıt”a 3, “Şəfa”ya 4, “Araz-Naxçıvan”a 5 top vuran “Neftçi” vurulan qol sayına görə (12) bütün rəqiblərini qabaqlayır. Buraxılan qol sayı isə 3-dür. Bunun özü də bərbad göstərici deyil.
Paytaxt təmsilçisinin uğurlu və məhsuldar çıxışında bir nəfəri xüsusi şəkildə qabartmaq lazımdır. Braziliyalı cinah yarımmüdafiəçisi Breno Almeyda.
Hələ öttən mövsümün ikinci yarısında sərgilədiyi oyun və vurduğu qollarla azarkeşlərə mesaj verən 28 yaşlı futbolçu əsl keyfiyyətini vitrinə qoymaqdadır.
“Neftçi” cari mövsümdə avrokubok görüşləri ilə birlikdə 6 oyua çıxıb. Brenonun statistikası sadəcə fantastikadır.
Konfrans Liqasında qol hesabını açan braziliyalı çempionatda 5 qol vurub, 1 məhsuldar ötürmənin müəllifinə çevrilib. Beləliklə, 6 oyunda 6 qol və 1 məhsuldar ötürmə.
Rəqib müdafiəçilər üçün arzuolunmaz şəxsə çevrilən Almeyda sol ayağından məharətlə istifadə etməyi bacarır. Öldürücü zərbələrə sahib olması üstün keyfiyyətidirsə, hədəfi dəqiq nişan almaq bacrığı hər futbolçuda olmur.
Sağ cinahda Falaye Sako ilə anlaşma səviyyəsi kifayət qədər yüksəkdir. Bu faktın özü də Brenoya əməlli-başlı kömək edir. Emin Mahmudovdan sonra komandada stajlı penaltivuran statusuna da əlinə keçirib.
Braziliyalı “Neftçi”nin gizli hücumçusudur. Freddi Varqas, Bassala Sambu, Lyubomir Tupta kimi hücumçu keyfiyyəti daşıyanlar “yatdığı” halda Breno çiyinlərini qol yükünün altına qoyub.
Bu şəkildə davam etsə, yəni braziliyalılara xas ərköyünlükdən, gecə məclislərindən, ulduz xəstəliyindən uzaq durmağı bacarsa, “Neftçi” üçün böyük işlər görüəcək.
Bəlkə də ən yaxın zamanda Mateus Saldanya, Sabiq Buqrin, Mamadu Kane, Murad Məmmədov, İmad Faraj kimi xarici klublardan təkliflər alacaq, Avropaya getməyin planlarını quracaq.
Hələ ki, hər şey buna doğru aparır.
“Ağ-qaralar”ın 33 nömrəsi bu ilin fevralından formasını geyindiyi komandada ümumilikdə 18 matçda meydana çıxmaqla 9 qol vurub, 5 məhsuldar ötürmənin müəllifi olub.
Onun “Neftçi”ylə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ
