Məlum olduğu kimi, Kaxaber Sxadadze dünən “Qəbələ”nin baş məşqçi postundan gedib.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.
Sxadadze 25 fevral 2024-cü ildə “Qəbələ”nin baş məşqçisi təyin olunub.
Həmin vaxt komanda Premyer Liqada çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşırdı. 2023/24 mövsümünün yekunlarına əsasən, klub I Liqaya düşüb.
Artıq növbəti mövsümdə Ssxadadze “Qəbələ”ni yenidən elitaya qaytarıb. Komanda vaxtından əvvəl yüksəlişini təmin edib, daha sonra isə 2024/25 mövsümündə I Liqanın çempionu olub.
Ötən mövsüm “Qəbələ” Premyer Liqada güclə yerini qoruyub. Qəbələ təmsilçisi turnir cədvəlində 11-ci, yəni sondan əvvəlki pilləni tutub. Keçid oyununda isə I Liqa klubu “Mingəçevir”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Sxadadzenin istefası 2026/27 mövsümündə Premyer Liqada baş məşqçi postunda ilk ayrılıqdır.
Məlumatınız olsun ki, o və yardımçısı Azərbaycandan əliboş getməyib. Cütlük bu ilin sonunadək ”qırmızı-qaralar”dan pul qoparacaq. Başqa sözlə, 4 aylıq maaş məbləğində təzminat alacaqlar.
Rəqəmlər heç də kiçik deyil. Kaxanın məvacibi”Qəbələ”də 10 min dollardırsa, Çixradze 6000 dollara çalışıb.
SPORTİNFO.AZ

