“Sabah” üçün İngiltərəyə “makler” gəldi – Bizə tanış adamdır

16:40 Araşdırma 68
“Sabah” üçün İngiltərəyə “makler” gəldi – Bizə tanış adamdır

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununa hakim təyinatları məlumdur.

İngiltərədəki matç Fransadan olan briqadaya tapşırılıb.

Oyunun əsas yükünü Villi Delajo daşıyacaq. Ona yan xətt hakimləri qismində Ervan Finjean və Valentin Evrar kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Matyo Vernis yerinə yetirəcək.

2018-ci ildən Liqa-1-ə, 2020-ci ildən beynəlxalq qarşılaşmalara təyinat alan fransalı ədalət təmsilçisinin futbolçu karyerası alınmayıb. 13 yaşında adlığı zədə ucbatından atası onu hakimliyə yönləndirib. 20 ildir yaşıl meydanlarda fit çalır.

14 yaşında hakimlik imtahanı verib, 15 yaşında rəsmi şəkildə aşağı yaş qruplarından ibarət komandaların matçlarını idarə etməyə başlayıb.

Hakimliklə yanaşı, daşınmaz əmlak agenti kimi də fəaliyyət göstərir. Daha doğrusu, “maklerlik” Villinin əsas peşəsidir.

Çempionlar Liqasının Liqa mərhələsində debüt edəcək səbəbkar Azərbaycan təmsilçilərini – “Qarabağ”la “Neftçi”ni, hətta “Sabah”ı da kifayət qədər yaxından tanıyır.

2021-ci ildə Bakıda “Neftçi”ylə “Makkabi” (Hayfa) arasındakı qarşılaşmanı məhz fransız idarə edib ki, oyun 3:3 hesabı ilə başa çatıb.

2 il sonra, 2023-cü ilin avqustunda “Qarabağ”ın Finlandiyadakı görüşündə fit çalıb. “Köhlən atlar”ın səfərdə HİK üzərində qazandığı 2:1 hesablı qələbənin canlı şahidi olub.

2024-cü ilin sentyabr-ın 26-da, Avropa Liqası çərçivəsində Londonda “Tottenhem”lə “Qarabağ” arasındakı görüşü məhz bu şəxs idarə edib.

7-ci dəqiqədə Radu Drequşin Olavio Juninyoya qarşı kobud oynadığı üçün fransız hakim “Tottenhem”in müdafiəçisini birbaşa qırmızı vərəqə ilə oyundan qovub.

57-ci dəqiqədə bizimkilərin xeyrinə daha bir qərar verib. Bu dəfə Yves Bissouma cərimə meydançası daxilində Elvin Cəfərquliyevə qarşı kobudluq etdiyinə görə Delajo penalti nöqtəsini göstərib. Topun başına keçən Toral Bayramov hədəfi dəqiq nişan almayıb.

Say üstünlüyü və penalti imkanından yararlana bilməyən “Qarabağ” Londonda 0:3 hesabı ilə uduzub.

Fransızın “Sabah”la tanışlığı isə yaxın keçmişə, tarixi oyuna söykənir. 11 avqust 2026-cı il.

“Tələbələr” ilk görüşdə səfərdə “Orhus”a 1:2 hesabı ilə uduzmuşdu və Çempionlar Liqasının pley-offuna yüksəlmək üçün Danimarka çempionunu məğlub etməliydi.

Rəqibinə göz açmağa imkan verməyən “Sabah” ikinci hissədə vurulan 4 qol hesabına rəqibini darmadağın edib pley-offda “Hapoel Beer-Şeva”ya rəqib olmuşdu. Təbii ki, baş hakim həmin qarşılaşmanı uzun müddət unuda bilməyəcək.

Beləliklə Villi Delajo son 5 ildə Azərbaycan komandalarının iştirakı ilə 4 oyunu idarə edib, bunların 2-də Bakıya səfər edib. Təmsilçilərimiz 2 dəfə qalib gəlib, 1 dəfə bərabərə qalıb, digər matçda uduzub.

Bu gün əfsanəvi “Old Trafford” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO