Bu gün "Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.
Masazır təmsilçisi ilk turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Burada “Sabah”ın son aylardakı təcrübəsi çox vacibdir. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində dörd mərhələ keçərək əsas mərhələyə yüksəlib. TNS, “KuPS”, “Orhus” və “Hapoel Beer-Şeva” üzərində əldə olunan nəticələr təsadüfi uğur təəssüratı yaratmır. Xüsusilə “Orhus”la səfərdə 1:2 hesablı məğlubiyyətdən sonra Bakıda 4:0 hesablı qələbə və “Hapoel”ə qarşı cavab oyununda 2:2-dən sonra əlavə vaxtda 5:2 hesablı qələbə komandanın psixoloji baxımdan nə qədər dayanıqlı olduğunu göstərdi. UEFA da məhz bu yolu “Sabah”ın Çempionlar Liqasına gedən inanılmaz səfəri kimi təqdim edir.
Bu səbəbdən “Old Trafford”un atmosferi “Sabah” üçün yalnız təzyiq faktoru kimi qəbul edilməməlidir. Əksinə, bu, futbolçuların özlərini göstərməsi üçün ən böyük səhnədir.
“Sabah”ın heyətində xüsusilə Coy-Lans Mikels, Velko Simiç və Kahim Parris kimi hücum oyunçularının sürəti, fərdi keyfiyyətləri ön plana çıxa bilər. İngiltərə mətbuatında da Mikels və Simiçin mövsümün əvvəlindəki məhsuldarlığı xüsusi qeyd olunur. “Sports Mole” onların “Mançester Yunayted”ə qarşı oyunda əsas təhlükə mənbələrindən biri ola biləcəyini vurğulayır.
Digər tərəfdən, “Sabah” üçün müdafiədə əsas məsələ yalnız aşağı blokda dayanmaq olmayacaq. Komanda kompakt qalmalı, xətlər arasındakı məsafəni qorumalı və xüsusilə Bruno Fernandesin müdafiə ilə yarımmüdafiə arasındakı zonalarda sərbəst qəbul etməsinə imkan verməməlidir. “Yunayted”in fərdi keyfiyyətli oyunçuları var və bir saniyəlik konsentrasiya itkisi belə, böyük təhlükəyə çevrilə bilər.
SPORTİNFO.AZ
