Premyer Liqanın dördüncü turu “Neftçi” üçün kifayət qədər uğurlu keçdi. “Ağ-qaralar” “Şəfa”nı 4:1 hesabı ilə darmadağın etdi.
Amma dördüncü tur təkcə “Neftçi”nin parlaq qələbəsi ilə yadda qalmadı. Bu tur həm də klubun yetirmələrinin özlərini yaxşı tərəfdən göstərməsi ilə diqqət çəkdi.
Belə ki, Rüfət Abbasov “Şəfa” ilə oyunun ən yaxşılarından biri oldu. Klubun yetirməsi qarşılaşmada qol vurdu, məhsuldar ötürmə etdi, komandasına penalti qazandırdı. Bir sözlə, meydanda mümkün olan yaxşı hər şey etdi. Hətta onun zərbələrindən biri qapı dirəyindən qayıtdı.
2 mövsüm əvvəl "Neftç-2"də bombardir olan Həbib İsmayılov “Şamaxı” formasında "Kəpəz"ə qarşı oyunda sonradan meydana daxil oldu və gözəl qolla yadda qaldı.
Gənc futbolçu meydana girdikdən sonra komandaya fayda verməyi və uğurlu oyun nümayiş etdirməyi bacardı.
Mövsümün əvvəli “Araz-Naxçıvan”a icarəyə verilən Ağdadaş Salyanski “Qarabağ”la qarşılaşmada komandasının ikinci qolunun müəllifi oldu.
O da oyuna sonradan daxil olaraq adını tabloya yazdırmağı bacardı.
Bundan başqa, “Şəfa”nın heyətində “Neftçi”yə qarşı meydana çıxan Fərid Yusiflini də qeyd etmək olar.
Bir sözlə, “Neftçi”nin əsas komandası son illərdə arzulanan nəticələri göstərə bilməsə də, akademiyanın fəaliyyətini müsbət qiymətləndirmək üçün əsaslar var.
Dördüncü turda klubun yetirmələrinin göstərdiyi performans da bunun əyani göstəricisidir.
XANOĞLAN/ SPORTİNFO.AZ
