“İkili mübarizələrin çoxluq təşkil etdiyi oyun alındı. Qələbə qazandığımıza görə təbii ki, məmnunuq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın son transferlərindən olan Taofik İsmahil deyib.
Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan “Qarabağ” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri çətinliklə - 3:2 hesabı ilə qalib gəldi.
“Köhlən atlar”ın hər iki qolu kornerdən buraxması və rəqibinə əlverişli qol imkanları verməsi “Qarabağ” üçün ciddi siqnaldır.
26 yaşlı futbolçu komandasının hazırkı durumunu şərh edib:
“Turnir cədvəli baxımından 3 xal yaxşıdır. Oyuna gəlincə, hədisz sayda top itkilərinə yol veririk. Həm də hücumların son fazasını başa çatdıra bilmirik. Oyun keyfiyyətində yüksəlişə nail olmalıyıq.
“Qarabağ” Azərbaycanın ən böyük klubudursa, bundan da yaxşısını etməlidir. Künc zərbəsindən ardıcıl iki qol buraxmaq xoş hal deyil. Durmadan çalışmaqla çatışmazlıqları aradan qaldıra bilərik.
Komandada yeni futbolçuların çoxluq təşlil etməsi bir çox hallarda anlaşılmazlığa səbəb olur. Ona görə də xətlərarası anlaşma səviyyəsi yüksəltməli, oyun keyfiyyətini artırmalıyıq. Daha çox çalışmalı, məşq etməliyik”.
Nigeriyalı oyunçu “Qarabağ”ın heyətində meydana çıxdığı 2 oyunda 1 qol ötürməsi ilə fərqlənib.
HƏBİB
