"Sabah" Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Mançester United”lə qarşılaşacaq.
Oyun ətrafında gedən müzakirələrə baxanda diqqətimi çəkən bir məqam var: “Sabah”ın bu səfərdən xal və ya xallarla qayıdacağına ümid edən, buna inanan kifayət qədər insan var.
Futbolda inam gözəldir. Ümid etmək, gözləmək, inanmaq xoşdur. Bəlkə də sonda “Sabah” bu son dərəcə çətin səfərdən xal və ya xallarla qayıdacaq və bu, hamımızı sevindirəcək.
Amma bu pozitivliyin bir mənfi tərəfi də var. Bəzən bu cür fikirlər, bir az kobud səslənsə də, azarkeşlərin başının altına yastıq qoymağa bənzəyir: “Rahat olun, “Mançester United” səfərində də xal qazanmaq olar”.
Deyilir ki, “Mançester United” İngiltərə klubu olsa da hazırda yaxşı dönəmlərini yaşamır. “Sabah” bundan istifadə edə bilər. Hətta taktiki gedişlər müzakirə olunur, “Mançester United”in zəif tərəfləri analiz edilir və ictimaiyyətə təqdim olunur.
Nolar gəlin reallığı da unutmayaq da.
Bəzən nə taktiki savaş, nə meydanda böyük mübarizə aparmaq, nə də yüksək motivasiya nəticə üçün kifayət edir. Çünki futbolda qəbul etməli olduğumuz reallıqlar var. Acı olsa da, onları görməməzliyə vurmaq olmaz.
Bu gün “Mançester United”lə “Sabah” arasında ciddi səviyyə fərqi var. Qarşıdakı səfər çox qorxulu görünür. “Mançester United” ən yaxşı günlərini yaşamamasına baxmayaraq, yenə də İngiltərə futbolunun nəhənglərindən biridir.
Uzun fasilədən sonra Çempionlar Liqasına qayıdır. “Sabah”ı isə Old Trafford kimi əzəmətli arenada, fantastik azarkeşlər qarşısında qəbul edəcək.
Məncə, oradan uğurlu nəticə ilə qayıtmaq şansı möcüzəyə bərabərdir.
Ona görə də düşünürəm ki, azarkeşlər nəticəyə həddindən artıq fokuslanmamalıdır. Hətta “Sabah” böyük hesabla məğlub olsa belə, bu oyunun mahiyyəti dəyişməyəcək. Çünki Azərbaycan klubu "Old Traffordd"da meydana çıxır.
Və məncə, bundan həzz almaq lazımdır.
Üzülmək, küsmək, “komandamız niyə uduzdu?”, “niyə böyük hesabla məğlub oldu?” deməkdənsə, bu tarixi anın dadını çıxarmaq lazımdır. “Sabah” artıq boyundan yuxarı olan bir missiyanı yerinə yetirib.
Bir vaxtlar ekran qarşısında izlədiyimiz komandaların Bakıya gəlməsini necə böyük hadisə hesab edirdiksə, bu gün də öz klubumuzun xəyal etdiyimiz, yalnız televizordan gördüyümüz tarixi arenalarda meydana çıxmasından zövq almalıyıq.
Nəticədən asılı olmayaraq, bunun özü Azərbaycan futbolu üçün böyük hadisədir. Sadəcə, o anın keyfini yaşamaq, dadını çıxarmaq lazımdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
