Premyer Liqada növbəti baş məşqçi istefası yaxınlaşır – Son 2 oyun

20:40 Araz-Naxçıvan 73
Premyer Liqada növbəti baş məşqçi istefası yaxınlaşır – Son 2 oyun

“Araz-Naxçıvan” növbəti oyunu da məğlub başa vurdu.

İlk üç turda “İmişli” ilə qolsuz bərabərə qalıb, “Neftçi”ylə (0:5) “Sabah”a uduzan (0:1) “qırmızı-ağlar” bu dəfə “Qarabağ”a boyun əydi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə ağdamlılar 3:2 hesablı qələbəyə sevindi.

4 turdan sonra aktivinə cəmi 1 xal yazdıran Naxçıvan təmsilçisi 12 komanda arasında 11-ci pillədə yer almaqla xalsız “Sumqayıt”ı qabaqlayır.

Qeydə alınan nəticələr klub rəhbərliyinin səbr kasasını daşırıb.

Cbaş məşqçi Cavid Hüseynova sıralanan məğlubiyyətlərlə bağlı xəbərdarlıq edilib. 28 yaşlı mütəxəssis ardıcıl 3 oyunda “Neftçi”, “Sabah” və “Qarabağ” kimi çempionluğa iddialı rəqiblərlə ağır oyunları əsas gətirərək təqvimdən gileylənib.

Onu da deyib ki, “Neftçi”yə darmadağından sonra futbolçular toparlanmağı bacarıb. “Sabah” kimi rəqiblə oyunda “Araz-Naxçıvan” qapısından 1 top buraxıb, onu da öz futbolçularının fərdi səhvindən. “Qarabağ”la dueldə isə komanda 2 top vurub, bir neçə real qol fürsətini boşa verib.

Hüseynov işlərin qaydasında getdiyini və ən qısa zamanda qələbələrin sıralanacağını da sözlərinə əlavə edib.

Rəhbərlik baş məşqçini anlayışla qarşılayaraq ona vaxt verib.

Nə qədər?

İki həftə.

Naxçıvanlılar 5-ci turda Şamaxıda “Turan Tovuz”u qəbul edib, 6-cı turda Sumqayıtda yerli komandanın qonağı olacaq. Ardınca milli komandaların oyunları ilə bağlı Premyer Liqada təxminən üç həftəlik fasilə yaranacaq.

Məhz bu matçlardakı nəticələr baş məşqçinin gələcək taleyinə aydınlıq gətirəcək. Fasiləyə qədər azı 4 xal qazanılmalıdır ki, Cavid Hüseynov “Araz-Naxçıvan”da qalsın.

Əks halda, sentyabrın sonu, oktyabrın əvvəlinə təsadüf edən fasilədə “Araz-Naxçıvan” yeni baş məşqçinin anonsunu verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti