«Qəbələ»nin baş məşqçi postuna namizədlərin siyahısı genişlənib.
Kaxaber Sxadadzeni bir neçə gün öncə yola salan «qırmızı-qaralar» siyahısına əlavə olunan mütəxəssislərdən biri yerli, digəri əcnəbidir.
Premyer Liqada yeni mövsümə uğursuz başlamış, üç turda iki məğlubiyyət almış bölgə təmsilçisi Sənan Qurbanovu və hələlik adı gizli saxlanılan serbiyalını gündəminə alıb.
Həmçinin daha əvvəl xəbər verdiyimiz kimi, bir portuqaliyalı çalışdırıcı ilə danışıqlar gedir. Hələ yekun seçimin edilməməsi rəhbərlik daxilində yaranmış fikir ayrılığı ilə əlaqədardır.
Prezident Fariz Nəcəfovun ürəyi yerli məşqçidən yanadırsa, digər rəsmilər yenə əcnəbi mütəxəssisə üstünlük verilməsinə tərəfdardır.
Yeni namizədlərdən Sənan Qurbanov «Qəbələ»yə bir köynək yaxındır.
Hazırda «Neftçi»nin futbol akademsiyasının koordinatoru vəzifəsini tutan Qurbanov 2011-2020-ci illər aralığında «qırmızı-qaralar»ın uğurları üçün əlindən gələni əsirgəməyib.
Öncə akademiyada işləyib, 2013-cü ildə isə əsas komandada baş məşqçinin köməkçisi təyin olunub. Yuri Syomin və Roman Qriqorçukun «sağ əli» funksiyasını yerinə yetirib.
2019-cu ildə isə sükan arxasına keçib və 1 ildən artıq müddətdə etimadı doğruldub. «Qəbələ» tarixi ərzində ilk titulu məhz onun vaxtında qazanıb.
Ölkə kubokunun Naxçıvanda keçirilən final matçında «Sumqayıt»a 2:0 hesabıyla qalib gəliblər.
Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək. Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan "Qəbələ" 6-cı pillədə qərarlaşan "İmişli"ni qəbul edəcək.
Ev sahiblərini bu matça Asif Məmmədov və Amil Ağacanov hazırlayıb. Və bu gün komandanı texniki zonadan onlar idarə edəcək.
SPORTİNFO.AZ
