“Qəbələ” BRAZİLİYALI TRİOnun “əsir”inə necə çevrilib? - İLGİNC FAKTLAR

6 Dekabr 2022 21:00 Qəbələ 956
“Qəbələ” BRAZİLİYALI TRİOnun “əsir”inə necə çevrilib? - İLGİNC FAKTLAR

“Qəbələ” növbəti 3 xalı aktivinə “Səbail”lə oyunda yazdıra bildi.

Doğma meydandakı matçda hesabda geri düşən komanda sonda çətinliklə də olsa əhəmiyyətli qələbəni əldə etməyi bacardı.

Təbii ki, bunda yenə sonradan meydana çıxaraq qələbə qolunu vuran Ülvi İsgəndərovun payı əvəzsizdir.

Artıq oxşar hal mövsümdə üçüncü dəfə yaşanır. Belə ki, o, daha əvvəl də “Zirə” və “Səbail”lə ilk dövrədəki görüşdə əvəzlənmədən meydana çıxaraq qələbə gətirən qolların müəllifi olmuşdu.

Ümumiyyətlə, istedadlı forvard sanki komandasının məntiqli hücumlarını, maraqlı oyunun, rəqiblər önündəki üstünlüyün məntiqi sonluğa çatdıran bilən yeganə şəxsdir.

“Qırmızı qaralar” əksər oyunlarda rəqiblərdən üstün təsir bağışlayıb, daha çox qol epizodlarına girib, amma sonluğu gətirə bilməyib. Təcrübə göstərir ki, həmin sonluq İsgəndərovla yalnız ikinci yarı qismən tamamlanır.

Bəs 90 dəqiqə?

Bunun üçün Ramon Maçado, Felipe Santos, Rafael Utzqi kimi kollektivin əvəzedilməz əcnəbiləri əl-qollarını çırmalayıb, baş-ayaqlarını işə salmalıdırlar. Ki, qollar vursunlar, həmin qollar da meydandakı üstünlüyü tabloya daşımaqla bərabər xallar gətirsin.

Amma onlar nə edir?

Rafael Utziq sonuncu dəfə birinci turda “Turan Tovuz”un (2:0) qapısından qol keçirib. Sonrakı 15 turdan 3-də iştirak etməyən braziliyalı digər 12 oyunda isə meydanı qol vurmadan tərk edib.

Digər braziliyalı Pelipe Santos sonuncu dəfə ikinci turda “Şamaxı” ilə oyunda (3:0) adını tabloya yazdıra bilib. Sonrakı 14 turda davamlı əsas heyətdə meydana çıxan forvarddan qol səsi çıxmayıb.

Həmyerliləri kimi Ramon Maçadonun da adında cəmi bir qol var. 31 yaşlı hücumçunun digər forvardlardan tək fərqi daha yaxın keçmişdə fərqlənməsidir. O, 7-ci tur “Sumqayıt”la oyunda (1:0) qələbə qolunu vurandan sonra kölgəyə çəkilib. Elə “kimyaçılar”la oyuna kimi də kölgədə olub.

3 braziliyalı forvardın adında cəmi 3 qolun olması böyük problemdir. Bir Ülvi qədər qol vuran, amma onun komandaya verdiyi faydanın yarısını verməyən 3 sanbaçını mütləq silkələmək, bura nə üçün gətirildiklərini izah etmək lazımdır.

Başa düşsələr, fərq yaratsalar, əmin olun ki, indiki “Qəbələ” ilk dördlüyün sərhəddində yox, ilk üçlüyün daxilində ola bilər(di).

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!