Bu gün UEFA Millətlər Liqasında üçüncü tur başlayacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Bakıda Lixtenşteyn ilə qarşılaşacaq.
Millimiz qrupda 1 xalla ikinci pillədə qərarlaşıbsa, Litva 4 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
Qonaqların heyətində aparıcı fiqurlardan biri Nikolas Haslerdir.
35 yaşlı yarımmüdafiəçi uzun illərdir komandanın əsas simalarından biridir və kapitan sarğısını daşıyır. Hazırkı heyətdə o, 111 milli oyunla ən təcrübəli futbolçulardan biridir.
Digər diqqətçəkən ad Benjamin Büxeldir. 37 yaşlı qapıçı “Vaduts”da çıxış edir və beynəlxalq arenanı yaxşı tanıyır.
Marcel Büxel də bu siyahıya daxildir.
35 yaşlı yarımmüdafiəçi hazırda İtaliyada - “ASD Unipomezia Virtus“da çıxış edir. Onun karyerasında “Empoli“, “Hellas Verona“, SPAL, “Askoli“ və digər İtaliya klubları olub.
Gənclər arasında isə Alessio Hasler diqqət çəkir. O, hazırda Almaniyada “FV Illertissen“in uğurları üçün tər tökür. Müdafiəçi Jonas Veysenhofer isə Avstriyada “VfB Hohenems“ə məxsusdur.
Lixtenşteynin əsas xüsusiyyəti fərdi ulduzlardan daha çox, kompaktlıq, təşkilatlanma və fiziki mübarizəyə söykənən komanda oyunudur.
Fünfstüxün özünün də Azərbaycanı fiziki və təşkilatlanmış komanda kimi qiymətləndirməsi təsadüfi deyil, Lixtenşteyn üçün belə rəqiblərə qarşı müdafiə intizamını qorumaq və keçidlərdən istifadə etmək vacib olacaq.
Lixtenşteyn Millətlər Liqasına Litvaya qarşı 0:2 hesablı məğlubiyyətlə başlayıb, daha sonra Malta ilə yoxlama oyununda da 0:2 hesabı ilə uduzub.
Azərbaycan isə Tacikistan üzərində 1:0 hesablı qələbədən sonra Litva ilə 1:1 oynayıb.
SPORTİNFO.AZ
