Premyer Liqanın 7-ci turunda futbol ictimaiyyətinin maraqla gözlədiyi qarşılaşmalardan biri baş tutacaq.
“Neftçi” doğma meydanda ötən mövsümün həm ölkə kubokunun, həm də Premyer Liqanın qalibi “Sabah”ı qəbul edəcək.
Görüşün keçirilməsinə kifayət qədər vaxt qalsa da, artıq qarşılaşmanın təxirə salınacağı ilə bağlı müzakirələr yayılıb.
Bunun əsas səbəbi “Sabah”ın oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsində “Slaviya Praqa” ilə qarşılaşmasıdır.
Bəs PFL-in Əsasnaməsi belə vəziyyətdə nə deyir?
PFL-in əsasnaməsinin “Oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması” bölməsində qeyd olunur ki, klubların rəsmi oyunları arasında ən azı 48 saatlıq müddət olmalıdır.
Eyni zamanda, PFL müəyyən hallarda, o cümlədən komandanın avrokuboklardakı çıxışı zamanı matçın başqa vaxta keçirilməsinə icazə verə bilər.
Avrokuboklarda iştirak edən klublar dəyişikliklə bağlı ən geci bir həftə əvvəl PFL-ə rəsmi müraciət etməlidirlər.
Bundan başqa, həmin komandaların oyunlarının vaxtını tur çərçivəsində bir gün dəyişdirmək üçün müraciət etmək imkanı var. Bu halda qərarı PFL verir və rəqib komandanın həmin qərara etiraz etmək hüququ yoxdur.
Amma matçın tamamilə təxirə salınması məsələsində qaydalar fərqlidir.
Əsasnaməyə əsasən, avrokubokların 4-cü təsnifat mərhələsində – pley-offda iştirak edən klub öz Premyer Liqa oyunlarından birinin təxirə salınması üçün müraciət edə bilər.
Eyni imkan liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klub üçün nəzərdə tutulub. Lakin bu hallarda artıq rəqib komandanın razılığı tələb olunur.
Bu baxımdan “Sabah”ın hazırkı vəziyyəti diqqət çəkir. Komanda Çempionlar Liqasının artıq liqa mərhələsində iştirak edir.
Deməli, “Slaviya Praqa” ilə qarşılaşmanı nəzərə alaraq “Neftçi” ilə Premyer Liqa oyununu avtomatik şəkildə təxirə saldırmaq üçün Əsasnamədə ayrıca güzəşt nəzərdə tutulmayıb.
Başqa sözlə, “Sabah” PFL-ə müraciət edib tur çərçivəsində oyunun vaxtının bir gün dəyişdirilməsini istəyə bilər.
Lakin sırf Çempionlar Liqasının liqa mərhələsindəki oyuna görə “Neftçi” ilə görüşün təxirə salınması üçün sasnamədə pley-off mərhələsindəki kimi ayrıca hüquq yoxdur.
Yəni məsələ ilə bağlı yayılan “oyun mütləq təxirə salınacaq” ehtimalı qaydaya ziddir.
PFL-in hazırkı Əsasnaməsinə əsasən, “Sabah”ın liqa mərhələsində iştirakı ona Premyer Liqa matçını birtərəfli qaydada təxirə saldırmaq imkanı vermir.
“Neftçi” – “Sabah” qarşılaşması oktyabrın 9-da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
