Sadiq kapitana etibarsız münasibət

23:00 Qəbələ 128
Sadiq kapitana etibarsız münasibət

“Qəbələ” ötən mövsümün sonunda kapitanı Murad Musayevi yola salmaqla təəccübləndirmişdi.

Uzun illər bu klubun formasını geyinən Murad Musayev “Qəbələ”nin ölkə kubokunu qazanmasında, avrokuboklarda çıxış etməsində əməyi olan futbolçulardan biri idi.

Üstəlik, söhbət klubun öz yetirməsindən gedirdi.

Hətta zaman-zaman daha yaxşı təkliflər alsa da, Murad “Qəbələ”ni tərk etməmiş, sadiqlik nümayiş etdirərək klubda qalmağa üstünlük vermişdi.

Amma yayda “Qəbələ” tərəfi Muradı gözünü qırpmadan yola saldı.

Halbuki futbolçunun aldığı maaş da yüksək deyildi – təxminən aylıq 5-6 min manat civarında idi.

O vaxt məsələnin üzərinə bir qədər səthi keçdik və düşündük ki, klub Muradı göndərirsə, deməli, onun yerinə daha yaxşı stoperlər gətirəcək. Hər halda, belə düşünmək klubun haqqıdır.

Amma arxada qalan 6 tur bizə heç də belə mənzərə göstərmədi.

Komandaya qoşulan yeni stoperlər - İsaak Amoah, Nathan Monzanqo, Edson nəinki Murad Musayevdən 2-3 dəfə yaxşı təsir bağışlayır, heç onun səviyyəsində deyillər.

Amma maaşları arasında ən az 2 dəfə fərq var.

Mövqe səhvləri, ikili mübarizələr, topun arxadan oyuna daxil edilməsi – yeni stoperlərin heç birində bu baxımdan hər hansı xüsusi üstünlük görünmür.

Əvəzində Murad Musayev bu gün “Şəfa”nın kapitanıdır.

Daimi əsas heyətdə meydana çıxır, sabit oyun göstərir, ciddi səhvlərlə yadda qalmır. Hətta artıq qol da vurub.

Belə olan halda haqlı sual yaranır: əgər Murad Musayevdən daha yaxşı stoper gətirilməyəcəkdisə, “Qəbələ” niyə öz yetirməsinə qapını göstərdi?

Niyə illər ərzində klubun uğurlarında payı olan, daha yaxşı təkliflərə baxmayaraq komandadan ayrılmayan futbolçuya qarşı bu qədər etinasız münasibət göstərildi?

Təbii ki, suallar ritorikdir. Amma ortadakı mənzərə isə acı və üzücüdür.

Heç onu da iddia etmirəm ki, Musayev qalsaydı, bu gün "Qəbələ"nin nəticələri daha yaxşı olacaqdı və ya da qol buraxmayacaqdı.

Amma əminəm ki, indikindən pis olmayacaqdı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO