Rəşad Eyyubovun U-21 millisinə təyinatı birmənalı qarşılanmamışdı.
Tənqid edənlər arasında şəxsən mən də var idim.
Bu, təsadüfi deyildi.
Çünki haqlı arqumentlərimiz var idi və qərar riskli görünürdü.
Çünki Rəşad Eyyubov U-21 millisinə qədər hər hansı bir yerdə baş məşqçi kimi fəaliyyət göstərməmişdi.
Ümumiyyətlə, nəinki baş məşqçi kimi, heç bir akademiyada da çalışmamışdı.
Belə olan halda onun birdən-birə belə bir məsuliyyətin altına girməsi təbii olaraq təəccüblə qarşılanmışdı.
Nəzərə alaq ki, U-21 millisi spesifik komandadır.
Buradakı futbolçular əsas milli üçün əsas namizədlər hesab olunur.
Amma zaman göstərdi ki, risk etməyə dəyərmiş.
Bunu biz yox, meydanda göstərilən oyun və tablodakı rəqəmlər deyir.
Rəşad Eyyubov U-21 millisinə seçim mərhələnin startından sonra qoşuldu.
Gənclər millimiz seçmə mərhələyə Ayxan Abbasovun rəhbərliyi altında başlamışdı.
Gənclər səfərdə Portuqaliyaya 0:5 məğlub olmuş, evdə isə Bolqarıstanla 1:1 hesablı heç-heçə etmişdi.
Üçüncü turdan etibarən isə milli komandanın başında Rəşad Eyyubov oldu.
Sonrakı oyunlarda onun rəhbərliyi altında komandamız evdə keçirdiyi qarşılaşmalarda Portuqaliya xaric heç birində məğlub olmayıb.
Şotlandiya və Çexiya kimi güclü rəqiblərlə evdə xal qazanmağı bacarıb.
Potensial olaraq 3 xal gözü ilə baxdığımız Cəbəllütariq səfərində isə maksimum nəticə əldə olunub.
Qarşıda Cəbəllütariqlə evdə daha bir oyunumuz var və burada da növbəti qələbə ehtimalına kifayət qədər yüksək ümidlə baxmaq olar.
Böyük ölçüdə seçmə mərhələni 10 xalla başa vurmaq imkanımız yaranıb.
Kim bilir, bəlkə elə bu gecə Şotlandiyada növbəti surpriz yaşanacaq?
Bu isə U-21 millimizin tarixində rekord nəticə ola bilər. Çünki buna qədər ən yaxşı halda 9 xala sevinmişik.
Çexiya ilə son oyunda isə komandamız ümumiyyətlə meydanda yaxşı göründü.
İlk oyunda 0:5 hesabı ilə məğlub olduğumuz və qrupun favoritlərindən hesab olunan Çexiyaya qarşı 90 dəqiqə ərzində intizamlı oyun nümayiş etdirdik, kompakt şəkildə müdafiə olunduq, əks-hücumlara çıxdıq.
Çexiyanın aşkar üstünlüyü olmadı, real qol fürsətləri baxımından ciddi üstünlük əldə etmədilər. Qonaqların əzici üstünlüyü də yox idi.
Bəlkə də oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Hətta komandamızın qələbə qazanmaq üçün də şansları var idi.
Layiqli oyunu əsas komandada olan Edqar Adilxanov, Oruc Məmmədov kimi əsas oyunçular olmadan etmək iki qat dəyərlidir.
Bu baxımdan Rəşad Eyyubovu indidən təbrik etmək olar.
Ümid edək ki, bundan sonrakı dövrdə də onun rəhbərliyi altında U-21 millisində daha yaxşı və daha inamlı komanda görə biləcəyik.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
