“Cırtdan” qonaq, “div” boyda məsuliyyət

21:00 Milli komanda 108
“Cırtdan” qonaq, “div” boyda məsuliyyət

Azərbaycan millisi Millətlər Liqasının D qrupunda növbəti sınağına çıxır.

Sentyabrın 27-də səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edən yığmamız bu dəfə Bakıda Lixtenşteyni qəbul edəcək.

Rəqibin cırtdan ölkə statusunda olması hamıya məlumdur. Amma məsələ təkcə ölkənin və ya futbol bazasının kiçikliyində deyil.

Malta və Lüksemburq kimi cırtdan dövlətlərin futbolunda son illər müəyyən irəliləyiş müşahidə olunsa da, Lixtenşteyn üçün bunu demək o qədər də mümkün deyil. Əksinə, bu komanda hələ də Avropa futbolunun ən zəif kollektivlərindən biri olaraq qalır.

Buna əmin olmaq üçün Lixtenşteynin son oyunlarına nəzər salmaq kifayətdir. Son 10 qarşılaşmada cəmi 1 qələbə, 9 məğlubiyyət.

Bu matçlarda rəqib qapılarına cəmi 3 dəfə yol tapan lixtenşteynlilər əvəzində 26 qol buraxılıb. Daha acınacaqlı statistika isə budur ki, Lixtenşteyn bu 10 oyunun 7-də qol vura bilməyib.

Üstəlik, son 5 oyunun hamısında məğlubiyyət acısını yaşayıb. Son 5 qarşılaşmada Lixtenşteyn bir dəfə də olsun rəqib qapısının torunu silkələyə bilməyib.

Millimizin rəqibinin son illərdəki vəziyyətini göstərən daha bir rəqəm var. Komanda 2024-cü ilin oktyabrından bu yana cəmi iki qələbə qazanıb. Əvvəlcə 2024-cü ilin oktyabrında Honq Konq üzərində 1:0 hesablı qələbə, ardından isə bu ilin martında “FIFA Series-2026” turniri çərçivəsində Tanzaniya üzərində eyni hesablı qalibiyyət əldə olunub.

Bakıda Lixtenşteynlə oyunda xal itkisinin izahı olmayacaq. Öz meydanında, doğma azarkeşlərinin qarşısında Azərbaycan millisi belə rəqibə qarşı oyunun 90 dəqiqəsinə nəzarət etməli, üstünlüyünü oyunla yanaşı hesabda da göstərməlidir.

Bu, təkcə 3 xal uğrunda oyun deyil. Bu, həm də komandanın özünəinamını qaytarmaq üçün əla fürsətdir. Litva ilə səfər heç-heçəsindən sonra Lixtenşteynə qarşı inamlı qələbə qazanmaq, ardınca yenidən Litva ilə qarşılaşmada meydana psixoloji üstünlüklə çıxmaq lazımdır.

Sadə respet - Lixtenşteyni məğlub et, sonra Litvanı da keç və 3 oyundan sonra 7 xalla vəziyyəti maksimum həddə çatdır.

Bu səbəbdən oktyabrın 1-də Bakıda söhbət yalnız qələbədən getməməlidir. Azərbaycanlı futbolsevərlər böyük hesablı qələbənin intizarındadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti