Litvada qorxmadıq, Bakıda tələb var – 6 xal!

19:40 Milli komanda 105
Litvada qorxmadıq, Bakıda tələb var – 6 xal!

Azərbaycan millisi Litvadan 1 xal gətirdi.

Nə qələbədir, nə də məğlubiyyət. Kağız üzərində adi bir heç-heçədir. Amma bu 1 xalın dəyəri qarşıdakı oyunlardan sonra bilinəcək.

Çünki Litvada qazanılan xal yalnız Bakıdakı mümkün qələbələrin sayəsində çəkiyə minəcək. Əks halda 1 xal da futbol tariximizin saysız-hesabsız “kaş ki”lərindən birinə çevriləcək.

Azərbaycan millisi Litvada ideal futbol oynamadı. Hətta oyunun müəyyən epizodlarında ciddi problemlər yaşadı. Müdafiə xəttində sürət çatışmazlığı göz qabağında idi. Birəbir mübarizələrdə uduzduğumuz anlar oldu, arxa xətdə boşluqlar yarandı. Rəqibin hücumları zamanı müdafiəmizin necə çətinlik çəkdiyini görmək mümkün idi.

Amma bu dəfə başqa bir şey gördük.

İstək gördük. Xarakter gördük. Mübarizə gördük.

Ən əsası isə uzun müddətdir Azərbaycan millisindən gözlədiyimiz bir xüsusiyyəti gördük - rəqibdən qorxmamaq.

Bəlkə də ən böyük problemimiz illərdir məhz budur. Meydana çıxanda rəqibin formasına, adına, reytinqinə baxmaq. Öz gücümüzü yox, qarşı tərəfin gücünü düşünmək. Top bizdə olanda nə edəcəyimizi yox, rəqib topu alanda necə müdafiə olunacağımızı fikirləşmək.

Litvada isə heç olmasa müəyyən məqamlarda bunlardan imtina etdik. Və nəticədə 1 xal aldıq.

Bəlkə də bir qədər soyuqqanlı, bir qədər dəqiq və təcrübəli davransaydıq, Litvadan 3 xalla qayıdardıq. Buna imkan vardı.

İndi isə sözün əsl mənasında sıra Bakınındır.

Oktyabrın 1-də Lixtenşteyn, oktyabrın 4-də isə Litva. İki oyun. İki ev qarşılaşması. 6 xal üçün əla imkan.

Azərbaycan millisi Lixtenşteyni məğlub etməlidir. Litva ilə oyunda isə səfərdə göstərdiyi mübarizəni Bakıda nəticəyə çevirməlidir. Əgər bunu bacarsa, Litvada qazanılan 1 xal qiymətli görünəcək.

Ayxan Abbasovun qarşısında asan vəzifə yoxdur. Milli komandanın problemləri bir-iki oyunda həll olunacaq qədər sadə deyil. Uşaq futbolundan başlayan çatışmazlıqlar, futbolçu yetişdirmə sistemindəki problemlər, fərdi keyfiyyətlərin yetərsizliyi – bütün bunlar bu gün əsas millidə özünü göstərir.

Litva superkomanda deyil. Lixtenşteyn də Azərbaycan millisinin qarşısında keçilməz rəqib sayıla bilməz. Əgər milli üzvləri öz gücünə inansalar, intizamlı oynasalar və Litvada göstərdiyi döyüşkənliyi Bakıda da meydanda ortaya qoysalar, qarşıdakı iki oyundan maksimum nəticə çıxarmaq mümkündür.

1 xal gətirdik.

İndi 6 xalın dalınca getmək vaxtıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti