Azərbaycan millisi Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə start verdi. Ayxan Abbasovun yetirmələri Litva səfərindən 1:1 hesablı nəticə ilə qayıtdı.
Açığı, oyun o qədər də baxımlı alınmadı. Çox sönük 90 dəqiqə izlədik. Komandaların formalarının rəngi yalnız fərqlənirdi, meydanda isə bir-birinə bənzər oyun görürdük. Sürət aşağı, keyfiyyət aşağı. Hər iki tərəf çoxsaylı top itkilərinə yol verirdi.
Qrupdakı liderliyimizi nəzərə alsaq, səfərdə bir xal hardasa qənaətbəxş hesab oluna bilər. Amma ümumən oyun baxımından problemlərimiz çox idi.
Yalnız Mahir Emrelini yaxşı mənada fərqləndirmək olar. Həm qol vurdu, həm də oyunun içində daha keyfiyyətli futbol göstərdi. Hücum xəttində pressinq edirdi. Görünən odur ki, bu, Ayxan Abbasovun tapşırığı idi. Amma Mahir tək qalırdı. Renat Dadaşov ona qoşulmurdu.
Mahir kimi ən azı bir-iki futbolçu da pressinqdə aktiv iştirak etsəydi, rəqib sadə səhvlərə yol verə bilərdi. Həm qapıçı, həm də müdafiəçiləri arxadan çox rahat oynayırdılar. Müəyyən top itkilərindən sonra real qol imkanları yaxalamaq olardı. Amma bacarmadıq. Mahir tək qalırdı, digər futbolçular onun pressinqinə o qədər də qoşulmurdular.
Hücum xəttində ümumiyyətlə yalnız Mahir Emrelini xüsusi qeyd etmək olar.
Müdafiədə isə çoxsaylı səhvlərə yol verdik. Çempionlar Liqası həyəcanı yaşamış Rəhman Daşdəmirovdan gözləntilər çox idi. Amma ümidləri doğrultduğunu demək olmaz.
Bədavi Hüseynovun artıq 35 yaşı var. Məncə, milli komanda karyerasını bitirməlidir. Çünki sürətdə geri qalırdı, idman formasından uzaq görünürdü. "Qarabağ"da da daimi ehtiyat oyunçusu kimi qalır, əsas heyət futbolçusu deyil.
Rahil Məmmədov isə... Rəzalət, biabırçılıq! Bir oyunda nə qədər səhv etmək olar? Çoxsaylı səhvlərə yol verdi. Top itkiləri etdi, ikili mübarizələrdə məğlub oldu, mövqe səhvlərinə yol verdi.
Ümumiyyətlə, Rahil Məmmədov yay təlim-məşq toplanışında iştirak etməyib. "Turan Tovuz"da altı turdan sonra cəmi 100 dəqiqə meydanda olub. Bunun aşağı səviyyəsi də meydanda hiss olunurdu.
Ümumən deyirəm: bu Litva komandasını səfərdə məğlub etmək olardı. Bu komandanı udmaq olardı.
Düzdür, heyətdə yaxşı futbolçular var, ölkə xaricində legioner həyatı yaşayan çoxsaylı oyunçuları var. Amma meydanda gördük ki, Litva komandası o qədər də yaxşı deyil. Bu komandanı məğlub etmək mümkün idi.
Yenə deyirəm, liderlik baxımından bu nəticəni hardasa qənaətbəxş hesab etmək olar. Hətta bu qrupu lider kimi başa vurmaq da mümkündür. Amma bizim milli komanda gələcəyə ümid vermir.
Litva dünya reytinqində 149-cu yerdədir. Belə rəqiblə oyunda bərabərliyə sevinmək həqiqətən doğru deyil.
Estoniya səfərdə İslandiya ilə 1:1 heç-heçə edib və İslandiya kimi rəqiblə oyunda bir xala sevinir. Lüksemburq isə səfərdə Bolqarıstanı 2:1 hesabı ilə məğlub edir.
Artıq “cırtdanlar” da özlərini cırtdan kimi aparmırlar.
Ayılın, uşaqlar, ayılın.
XANOĞLAN/ SPORTİNFO.AZ
