Xəbər verdiyimiz kimi, “Qarabağ”ın legioneri Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib.
Vvnger KONKAKAF Millətlər Liqasının A Liqasında Hondurasla matçın (0:1) 10-cu dəqiqəsində ayağından zədə alaraq oyunu davam etdirə bilməyib.
Onu Tayriz Kempbell əvəzləyib.
Sportinfo.az xəbər verir ki Yamayka millisinin baş məşqçisi Rudolf Speyd (Rudolph Speid) matçdan sonra keçirilən mətbuat konfransında Sefasın zədəsinin komandanın oyun planına təsir etdiyini bildirib:

“Əlbəttə, onun meydanı tərk etməsi bizə təsir etdi. Ondan sürəti və bacarığı hesabına yaxşı oyun gözləyirdik.
Zədələnəndən sonra taktikanı dəyişməli və müəyyən düzəlişlər etməli olduq. Bunlar yəqin ki, istədiyimiz qədər effektli olmadı”.
Baş məşqçi Sefasın zədəsinin nə dərəcədə ciddi olduğunun hələ bilinmədiyini də qeyd edib: “Hazırda onun zədəsinin dərəcəsini bilmirəm”.
Bildirilib ki, Sefas tibbi müayinədən keçiriləcək və bundan sonra onun vəziyyətinə aydınlıq gələcək.
