“Bizi yarıyolda qoyub gedəcək futbolçu..."

26 Noyabr 2021 10:40 Qəbələ 1 341
“Bizi yarıyolda qoyub gedəcək futbolçu..."

“Qəbələ”nin legionerləri Premyer Liqanın digər klubları üçün “hazır yem” olub.

Çoxlarının tanımadığı vaxtı bölgə təmsilçisinə gəlib, sonradan məşhurlaşaraq paytaxt təmsilçilərinin diqqətini çəkən o qədər əcnəbi görmüşük ki...

Stiven Jozef-Monroz, Baqali Dabo, Filip Ozobiç, Voislav Stankoviç, Davit Volkov, Nikolas Raysel, Yurgen Qoxa, Merab Qiqauri...

Heç şübhəsiz, qış “transfer pəncərəsi” açılmamışdan klub rəsmilərinin hədəfində “Qəbələ”nin gəlmə futbolçuları var. Komandanın 11 turdan sonra 21 xalla 2-ci pillədə qərarlaşmasında böyük pay sahibi olanlardan İsnik Alimi, Ruan Renato, Rafael Utziq ən çox diqqət çəkənlərdir.

Onları “Qəbələ”də saxlamaq, gələn təkliflərə “yox” demələrinə bel bağlamaq müəyyən vəsait tələb edir. Hər nə qədər klubla müqavilələrinin müddəti başa çatsa da.

Həm bu, həm də qışda komandanı tərk etmək ehtimalı yüksək olan futbolçularla bağlı komandanın baş məşqçisi Elmar Baxşıyevlə söhbətləşdik. 41 yaşlı mütəxəssisin məsələ ilə bağlı Sportinfo.az-a açıqlaması belə oldu:

“Açığı, kimisə göndərmək fikrimiz yoxdur. Əksinə, güclənmək istəyirik. Şükürlər olsun, dekabrda anlaşmasının müddəti başa çatan futbolçumuz da yoxdur. Minimum yaya qədər müqavilələri var.

O ki qaldı maraq və təkliflərə, özünüz də bilirsiz ki, “Qəbələ”nin legionerləri həmişə diqqət mərkəzində olub. Lakin son vaxtlar kimsə yaxınlaşıb getmək istədiyini deməyib. Düzü, belə birinin olacağına da inanmıram.

Çünki sona qədər komanda və kollektiv şəklində qalmaq istəyirik. Digər tərəfdən, futbolçunu komandaya cəlb edəndə digər nüansları da araşdırırıq.

Aralarında bizi yarıyolda qoyub gedəcək futbolçu yoxdur”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti