“Mingəçevir”in baş məşqçisi Elman Sultanov redaksiyamıza zəng vurub.
I Liqa təmsilçisinin çalışdırıcısını bu addımı atmağa saytımızda yer alan xəbər məcbur edib.
Məlumat üçün bildirək ki, “Mingəçevir”li azarkeşlərin Sportinfo.az-a ünvanladığı məktubda komandada hərc-mərcliyin hökm sürməsi qeyd olunub, baş məşqçinin ümumi vəziyyətə nəzarət etməkdə çətinlik çəkməsi yazılıb.
İki futbolçu – Əli Mürsəlovla Xəlil Bəşirovun intizamsızlığı, birincinin içkili vəziyyətdə küçədə davam etməsi də müraciətdə öz əksini tapıb.
Baş məşqçi saytımıza açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini deyib:
“Uşaqlar mənə məqaləni göndərdilər ki, haqqımızda belə-belə yazıblar.
Birincisi, bu məlumat tamamilə yanlışdır. İkincisi, komanda avqust ayın 5-dən etibarən Mingəçevirdədir. Ayın 6-dan hazırlığa başlamışıq.
Böyük seçim prosesi keçirmişik. Hazırda komandamız formalaşıb, gənc və perspektivli futbolçulardan ibarət kollektivimiz var. Futbolçuların böyük əksəriyyəti namaz qılır.
Komanda barədə yazıda mənim də adım çəkilib, spirtli içki içməyim qeyd olunub. Bu, heç kimin işi deyil.
Mən onun puluna içirəm məgər? Kim bilir, bəlkə mən namaz qılıram?
O adam mənimlə birlikdə yaşayır? Yaxud mənimlə eyni yataqda yatır?
Mənim namaz qılıb-qılmadığımı, içki içib-içmədiyimi, nə yeyib-yemədiyimi, pəhriz saxlayıb-saxlamadığımı haradan bilir?
Komandamda spirtli içki içən adam yoxdur. Kiminsə içki içdiyini bilsəm, özüm onu müəyyən edib komandadan qovacağam.
Burada belə şey olmayacaq. Mən bu kollektivin kiminsə tərəfindən korlanmasına imkan verməyəcəyəm.
Biz gündə iki məşq edirik ki, Azərbaycan çempionatında layiqincə çıxış edək, üzümüzə söz gəlməsin. Çalışırıq, gənclər də çalışırlar, nəyəsə nail olmaq istəyirik.
Amma mən hara işləməyə gedirəmsə, sanki mənə qarşı hansısa aqressiya yaranır. Elə bil kiməsə mane oluram, kiminsə ayağına basıram.
Mənə maraqlıdır, bunun səbəbi nədir? Kaş o adam gəlib burada 20 gün qalaydı, baxaydı ki, mən işimi necə görürəm, yoxsa görmürəm.
Mənim işimdə həmişə nizam-intizam olub. Burada heç kim mənim başımın üstünə çıxa bilməz və mən heç vaxt kiminsə mənim başımdan yuxarı çıxmasına imkan vermərəm.
Bunu öyrənsəm, həmin adam dərhal komandadan uzaqlaşdıraram. Mənimlə işləyən futbolçuların çoxu indi məşqçi kimi fəaliyyət göstərir.
Onlar mənim necə insan olduğumu bilirlər. Mən prinsipial insanam.
Ya işləyirik, ya da istirahət edirik. Əgər kimsə daim istirahət etmək istəyirsə,
Allah köməyi olsun, istirahət etsin. Amma bu komandanı tərk etsin, kollektivə mane olmasın”.
HƏBİB
