Dövlət 4-cü mövsümdü Premyer Liqa klublarının hər birinə 2.5 milyon manat yardım ayırır.
Burada əsas məqsəd ölkə futbolunun inkişafı, yerli oyunçuların daha yaxşı səviyyəyə qaldırılmasıdır.
Təəssüf ki, AFFA-nın nəzarətində olan dövlət dotasiyası klublarımızın əli ilə legioner futbolçulara xərclənir. Xüsusilə legioner limitinin ləğvindən sonra milyonlar yararsız legionerlərin Azərbaycana daşınmasına sərf edir. Pul gedir, amma ortada ciddi nəticə yoxdur.
Sevindirici haldır ki, digər klublardan fərqli olaraq "Şamaxı" yerli oyunçuları düşünür.
Bölgə klubu qısa müddətdə Rəhman Daşdəmirov, Rüfət Abbasov, Edqar Adilxanov, Oruc Məmmədov və başqa neçə-neçə yerli oyunçuları Azərbaycan futboluna bəxş edib.
Baş məşqçi postu yerli mütəxəssislərə həvalə olunur.
Bunun fonunda da elitanın ən aşağı büdcəsinə sahib olsa da, ortabab statusuna sahib olmağı bacarıb.
Görəsən, digər klubların bacarmadığını "Şamaxı" necə əldə edir?
Klubun İdarə Heyətinin sədri Elçin Usub Sportinfo.az-a açıqlamasında suala cavab olaraq bunları dedi:
"Bilirsiniz, biz hamımız vahid bir ekosistemin ünsürləriyik. Həmin ekosistemin tərkib hissəsi olaraq hər birimiz düşünməliyik ki, futbola yatırılan dövlət vəsaitinin mahiyyəti nədir.
Dövlət hər bir kluba 2,5 milyon manat vəsait verir. Bu pulun haradan gəldiyini də düşünmək lazımdır.
Biz müharibəni udmuş dövlətik, Qarabağda yenidənqurma işləri gedir, başqa sahələrdə çoxsaylı həllini gözləyən problemlərimiz var.
Dövlət pensiya təminatına daha çox vəsait ayıra bilər, məsələn, müəllimlərin maaşını daha da artıra bilər və sosial yönümlü başqa sahələrə daha çox yatırım edə bilər.
Amma dövlət futbola da önəm verir və müəyyən məbləğdə vəsaiti ortaya qoyur. Bu ekosistemin üzvləri oturub düşünməlidirlər ki, mənim burada rolum nədir?
Mən vətənimə, torpağıma, futboluma nə verə bilərəm. Ümid edirəm ki, futbol ictimaiyyəti ən azından bizim klubun bunun fərqinə varmasını görür".
XANOĞLAN İMANOV
