Beş tura 2 xal toplayan «Araz-Naxçıvan»da sular bulanıq axır yenə.
Andrey Demçenkonu yayda Cavid Hüseynovla əvəzləməklə, yağışdan çıxıb yağmura yaxalanıblar.
«Araz» sabit oyun sərgiləmir. Külək kimi ora-bura əsirlər. Tutmaq olmur ki, Hüseynov komandasından nə tələb edir.
Bəzən elə təəssürat yaranır ki, futbolçular da baş məşqçinin onlardan nə istədiyini bilmir.
Bu hal yaxşılığa doğru aparmır «Araz»ı. Zaur Axundov gərək daşı ətəyindən töksün daha. Gecikir o. Çox gecikir.
Elxan Məmmədovun bir sözüylə komandanın sükanı arxasına əyləşdirdiyi Hüseynov barədə qərar verməlidir artıq. Bunu klub rəsmiləri də, oyunçular da bilməlidir ki, o, işini davam etdirəcək, ya əksinə.
Qeyri-müəyyənliyə bu tezliklə son qoyulmasa, «Araz» avrokubok iddiası ilə üç-dörd tura vidalaşacaq.
Dəmiri isti-isti döyərlər. Ziyanın yarısından dönməsələr, «Araz» çempionatda qalmaq dərdi çəkəcək, müşkülü artacaq.
«Araz»da futboldan anlayan iki funksioner fəaliyyət göstərir - biri Ceyhun Sultanovdur, digəri Eldəniz Yusifov. Hər biri ayrı-ayrılıqda böyük klubu sərbəst idarə edə bilər.
Zaur Axundov «Araz»ın uğursuzluq zolağından çıxmasını, düz yola gəlməsini həqiqətən istəyirsə, bu iki şəxsin məsləhətlərini dinləməli, fikirlərini nəzərə almalıdır.
Sultanov formal prezident olmamalıdır, rəy bildirmək mənasında əl-qolu bağlanmamalıdır. Yusifov yalnız sənəd-sünəd hazırlamaq lazım gələndə yada düşməməlidir.
Hər halda onlar bu klubun inkişafını, komandanın yaxşı çıxış etməsini Elxan Məmmədovdan min dəfə çox istəyirlər. Çünki «Araz»ın çörəyini yeyirlər, Axundova sadiqdirlər, sədaqətlidirlər.
Axundov ətrafındakı bu kəslərin qədrini bilməli, qiymətini verməlidir, özündən uzaq tutmamalıdır. Nə qədər ki belə edəcək, «Araz» ağ günə çıxmayacaq, turnir cədvəlinin «zirzəmi»sində «mürgü vuracaq» və günlərin birində batacaq.
Şamaxı batan kimi.
MUSA
