"Neftçi"nin hücumçusu Bassala Sambu "Turan Tovuz"la danışıqlar aparır.
İngiltərəli hücumçu onun xidmətində maraqlı olan qərb klubundan kifayət qədər yüksək məbləğ istəyib.
Britaniyalı aylıq 20 min dollar maaş tələb edib.
Bu arada "Neftçi"rəhbərliyi Sambu ilə yollarını ayırmağa hazırdır. Bu, həm yönətimin, həm də Yuri Vernidubun istəyidir.
İdarəçilər baş məşqçinin xidmətinə həvəssiz yanaşdığı əcnəbi ilə görüşmələri son günlər bir qədər də intensivləşdirib.
Ukraynalı çalışdırıcının mövqeyi adıçəkilən legionerə çatdırılıb, bildirilib ki, 2027-ci ilin yayında bitəcək müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətləri var.
Sambu razılaşarsa, 4 ayın maaşın qarşılığında gedə bilər. Ya da ki, icarəyə göndərilməsi mümkündür.
İndi hər şey 29 yaşlı forvardın özündən asılıdır. Premyer Liqadan "Turan Tovuz" onu sərəncamında görmək arzusundadır.
Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
Afrika kökənli qolçu ötən mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.
Bakılılar bu yay 9 nəfərlə sağollaşıb. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori, Ağadadaş Salyanski, İmad Faraj və Alessio Kurçi ilə yollar ayrılıb.
SPORTİNFO.AZ

