Baş məşqçi seçim qarşısında - Azərbaycan yığmasında yeni hücumçu?

10:40 Milli komanda 278
Baş məşqçi seçim qarşısında - Azərbaycan yığmasında yeni hücumçu?

Azərbaycan millisində qarşıdakı çağırış - UEFA Millətlər Liqası öncəsi maraqlı dilemma yaranıb.

Baş məşqçi Ayxan Abbasovun qarşısında xüsusilə hücum xətti ilə bağlı diqqətçəkən seçimlərdən biri dayanır: Renat Dadaşov, yoxsa Seyxan Fərəcov?

Dadaşovun kifayət qədər milli təcrübəsi var və burada yaxşı oyunları da olub. Lakin hazırkı formada onun əvvəlki səviyyəsinə yüksəlməkdə çətinlik çəkdiyi görünür.

UEFA-nın 2026-cı il üzrə statistikasında Dadaşovun 3 oyunda 159 dəqiqə keçirib 1 qol vurduğu göstərilir.

Digər tərəfdən, Seyxan Fərəcovun “İmişli”də son dövrdəki yüksəlişi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız qoldan getmir.

Onun Premyer Liqa oyunlarında göstərdiyi futbolun keyfiyyəti, gördüyü işin həcmi və komandaya verdiyi faydalı əmsal daha geniş qiymətləndirilməlidir.

Fərəcovun son iki mövsümlük statistikası da bu yüksəlişi təsdiqləyir. 2025/26-ci il mövsümündə MOİK-in heyətində I Liqanın bombardiri olan forvard 18 qol vurub və çempionatın ən sərrast futbolçusu seçilib.

Hazırkı 2026/27-ci il mövsümündə isə artıq Premyer Liqa səviyyəsində özünü göstərir.

Mövsümün ilk 4 turundan sonra Fərəcovun hesabında 4 oyun, 2 start və 1 qol var. O, “Şəfa” ilə oyunda komandasına qələbə qazandıran yeganə qola imza atıb.

Burada diqqətçəkən məqam yalnız statistika deyil. Fərəcov hər oyunda təxminən 9–11 kilometr məsafə qət edir. Bu göstərici onun meydandakı iş həcminin nə qədər yüksək olduğunu göstərir.

Yəni söhbət yalnız cərimə meydançasında top gözləyən hücumçudan getmir. O, pressinqdə, topsuz hərəkətlərdə, müdafiə fazasında və hücumların qurulmasında komandaya əlavə iş verir.

Bu baxımdan maraqlı bir detal da var. Fərid Namazovun rəhbərlik etdiyi “İmişli”nin heyətində Dioqo Almeyda kimi klassik hücumçu profili olan legioner də mövcuddur.

Buna baxmayaraq, mövsümün ilk oyunlarında Namazovun Fərəcova etimadı açıq şəkildə görünür. “Şəfa” və “Qəbələ” ilə qarşılaşmalarda Fərəcov əsas heyətdə yer alıb, Almeyda ilə birlikdə hücum xəttində oynayıb.

Bu etimadın əsas səbəblərindən biri Fərəcovun çoxfunksionallığıdır.

O, yalnız klassik hücumçu kimi deyil, həm də “9 nömrə”, yalançı “9 nömrə” və cinah hücumçusu kimi istifadə oluna bilir. Belə oyunçu məşqçiyə taktiki baxımdan daha çox seçim imkanı verir.

Məsələ yalnız statistika da deyil. Milli üçün yerli futbol məktəbindən keçmiş, Azərbaycan futbolunun içindən gələn və ölkə futboluna bağlı oyunçuların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.

Güman ki, Seyxan Fərəcovla bağlı AFFA tərəfindən müəyyən sənədləşmə prosesi də aparılıb və o, namizədlər siyahısında yer alır. Bu isə onun milli komandanın qapısından kənarda olmadığını göstərir.

Fərəcovun Azərbaycan futbol məktəbinin yetirməsi olması, bu dildə sərbəst danışması və ölkə futbolunun mühitini yaxından bilməsi də əlavə üstünlüklər kimi qiymətləndirilə bilər. Üstəlik, əldə etdiyimiz məlumata görə, millidən dəvət almağı ciddi şəkildə gözləyir və orada oynamağa böyük istək göstərir.

Təbii ki, bu, Dadaşovun milliyə verdiyi töhfələri inkar etmək deyil. Sadəcə, hazırkı forma və perspektiv baxımından seçimə yenidən baxmağın vaxtının çatdığını düşünürük.

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisində yeni mərhələnin başladığı bir vaxtda belə seçimlər xüsusilə vacibdir. AFFA-nın son heyət açıqlamalarında da Abbasovun komandanın baş məşqçisi kimi Dadaşova üstünlük verdiyi görünür.

Bizim fikrimizcə, hazırkı mərhələdə Ayxan Abbasov üçün ən doğru addımlardan biri Seyxan Fərəcova şans verməkdir. İndi növbə Ayxan Abbasovdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti