“Şəfa” ev oyunlarını köhnə-yeni stadionunda keçirə bilər.
İşlər sürətlənib, hər şey buna doğru aparır.
Əsasən “Şəfa” adı ilə tanınan, sonradan “İnter Arena”ya, daha sonra “ASK Arena”ya çevrilən, hazırda “Baku Arena” adını daşıyan stadion debütantın ixtiyarına veriləcək.
Deməli, arenanın süni örtüyünün yenilənməsi Azərbaycan Gənclər və İdman Nazirliyinin hesabına bir müddət öncə başlayıb. Artıq xeyli iş görülüb, yaxın bir ayda tamamlanması gözlənilir.
Arena nazirliyin balansında olacaq, bu, öz yerində.
İş burasındadır ki, “Şəfa” rəhbərliyi sözügedən idman qurğusunu uzun müddətə icarəyə götürmək istəyir. Əsas komanda ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandaların da “Baku Arena”da məşq etməsi nəzərdə tutulub.
Klubun başbilənləri “Şəfa”nın Premyer Liqadakı rəqiblərini də burada qəbul etmək niyyətindədir. Məsələ ilə bağlı PFL-ə müraciət olunacaq, qurum rəsmiləri stadionu təftiş edəcək.
Hansısa nöqsan aşkarlanmasa və ya çatışmazlıqlar vaxtında aradan qaldırılsa, “Şəfa” yeni ildən etibarən ev oyunlarını şəhərin mərkəzində, uzun illər Azərbaycan futboluna xidmət etmiş keçmiş “Şəfa”da keçirəcək.
Tarixin bir az əvvələ - noyabr, ya da dekabr aylarına çəkilməsi də mümkündür.
Maraq üçün bildirək ki, paytaxt təmsilçisi mövsümün startından bu yana rəqiblərini Sumqayıtdakı “SOCAR Polymer Arena”da qəbul edir.
HƏBİB / SPORTİNFO.AZ
