AFFA aşağı yaş qrupları üzrə yığmalara aid yeni metoda keçib.
Bu barədə saytımıza federasiyadan məlumat daxil olub.
Relaksiyamıza verilən informasiyaya görə, qurum bundan sonra yalnız millilərin baş məşqçilərinə əməkhaqqı ödəyəcək. Onların köməkçiləri isə məvacib almayacaq. Yardımçılara «qonorar» ödəniləcək.
Bu məbləğ isə həmin mütəxəssislərin düşərgədə keçirəcəyi günlərin sayına əsasən hesablanacaq. Burada məşqə çıxacaqları hər gün üçün 330 manat qazanacaqlar.
Avqustun 24-də aşağı yaş qrupları üzrə komandaların baş məşqçiləri müəyyənləşib. Namizədlərin təyinatı AFFA İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:
U-15 - Aleksandr Qross
U-16 - Famil Xəlilov
U-17 - Emin Mustafayev
U-18 - Mahmud Qurbanov
U-19 - Elgiz Kərəmli
Baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub.
Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.
SPORTİNFO.AZ
